İşə yeni başlayanlar üçün qızıl qaydalar | Banco.az

İşə yeni başlayanlar üçün qızıl qaydalar

Bəzən uzun illər hansısa bir işin, vəzifənin xəyalın qurur, bu arzumuzu reallaşdırmaq üçün əlimizdən gəldiyi qədər çalışırıq. Arzumuza çatdıqdan sonra isə heç də hər şeyin bizim təsəvvür etdiyimiz kimi olmadığını görür, seçimimizdə yanıldığımızı fikirləşirirk. Bunun səbəbi nələr olur? Öyrəşmədiyimiz iş mühiti, kobud müdir, ciddi iş yoldaşları və .s. Lakin hansı işdə çalışmağınızdam aslı olmayaraq elə qaydalar var ki, onlara əməl etməklə işinizdə çox asanlıqla yüksələ və kənar təsirlərin işin məhsuldarlığına təsir etməsinin qarşısını ala bilərsiniz. Bu qaydalar hansılardır?

1. Müdirinizin xasiyyətini öyrənin.
Müdirlə əlaqənizi gücləndirməyiniz heç də yalançı səmimi münasibət qurmaq kimi nəzərdə tutulmamalıdır. İş mühitinə alışmaq istəyirsinizsə, ən birinci şərt işdəki insanların xasiyyətinə uyğunlaşmaqdır. Bunun üçün əvvəlcə müdirinizin işçilərdən gözləntisinə, onun necə insan olmasına diqqət yetirin. O özünü də komandadan biri kimi hiss edən, standart qaydalarla çalışmağı sevməyən, yoxsa, özünə qarşı ikiqat hörmət göstərilməsini tələb edən, hər kiçik səhvə görə cəzalandırma sistemi tətbiq edən prinsipial insandır? Bütün bunları öyrəndikdən sonra işləməyə başlayın.

2. İş görüşlərində aktiv olun.
İstər komanda daxili iclaslarda, istərsə də başqa şirkətlərlə görüş zamanı yalnız dinləyici rolunda çıxış etməkdən çəkinin. Lakin bilib-bilmədiyiniz hər mövzuya da fikir bildirməyə çalışmayın. Bunun üçün daha yaxşı olar ki, dəqiq bildiyiniz bir mövzuda konkret faktları əsas tutaraq münasibətinizi bildirə və məsələyə yeni bir yanaşma modeli ortaya qoyasınız. Bunun üçün də hər iclasdan əvvəl müzakirə ediləcək mövzuya hərtərəfli hazırlamaşmağı, hər toplantıya yeni ideyalarla gəlməyi unutmayın. Fikrinizi maksimum qısa və tutarlı faktlarla izah etməyə çalışın. Həmkarlarınızın sözünü kəsməkdən, nə qədər haqsız hesab etsəniz belə, hansısa çalışanın üzərinə səsinizi qaldırmaqdan çəkinin.

3. Xarici görünüşünüzə diqqət edin.
Geyindiyiniz paltarlar, istifadə etdiyiniz aksessuarlar, qısacası, xarici görünüşünüz iş həyatında həmkarlarınızın sizə qarşı münasibətinin formalaşmasına ciddi formada təsir edir. Bunlar həm də sizin özünüzə qarşı olan inamınızın göstəricisidir. İş mühitiniz çox rəsmi və ya əksinə çox rahat ola bilər. Hər iki halda öz tərzinizi hiss etdirməyə, digərlərindən fərqlənməyə çalışın. Bütün bunlarla yanaşı eyni zamanda seçdiyiniz geyimlərin rahat olmasına da diqqət yetirin.

Ən sərfəli kredit üçün müraciət et

4. Planla hərəkət edin.
Bütün iş yerlərində konkret plan üzrə hərəkət etmək profesionallıqdan xəbər verir. Bunun üçün gün ərzində görəcəyiniz işləri, onların nəticələrini özünüz üçün ardıcıl olaraq qeyd edin. Belə olduqda müdiriniz sizdən hansısa bir işin nəticəsi barədə nəsə soruşduqda heç fikirləşmədən qeyd dəftərçənizə baxaraq cavab verə biləcəksiniz. Planlı, nizam-intizamlı işləməyin digər bir üsulu da işinizin bir hissəsi olan kompyuterinizi səliqəli şəkildə istifadə etməkdir. Bunun üçün çalışın ki, hər gün işiniz bitdikdən sonra kompyuterin ekranında görünən bütün sənədləri lazımi qovluqlarda yerləşdirə, sizə lazım olmayanları isə yaddaşdan təmizləyəsiniz.

5. Hər zaman soyuqqanlı olun.
Stress, təzyiq, gərginlik…Bunlar demək olar ki, bütün iş adamlarına tanış hislərdir. Təcrübəli işçi həm də o adama deyilir ki, o bu cür neqativ hislərin işinin gedişatına mane olmasına imkan vermir. Bunun üçün sadəcə sizi stressə salan hadisələrə həmin dəqiqə reaksiya göstərməməyə çalışın. Həmin mühiti tərk edib beş dəqiqə sakitliyə çəkilin. Hər şeyi özünüz üçün götür-qoy edib sonra geri qayıdın. Bu daha sağlam qərar qəbul etməyinizə kömək edəcək.

6. Fikirlərinizi paylaşın.
Yaradıcı fikirlərinizi heç kəslə bölüşməyib özünüzdə saxlamağınızın sizə heç bir xeyiri toxunmayacaq. Sizin “Nə vaxtsa deyərəm” deyə düşündüyünüz fikirləri mütləq sizdən sonra kimsə söyləyib, daha “yuxarıya” keçəcək. Buna görə lazım olan fikirləri lazımlı vaxtda deməyə çalışın. Bundan əlavə, komandanın digər üzvlərinin fikirləri ilə bağlı münasibətinizi də zamanında bildirməkdən çəkinməyin. Unutmayın ki, komandanızın daxilində olan insanlar sizin rəqibiniz deyil, dostunuzdur. Onların yüksəlməsi isə şirkətinizin, dolayısıyla sizin yüksəlişinizdir.

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et