Müəllif: Gülnar Əhmədli, Banco.az
İş məzuniyyəti işçilərin istirahət etməsi, sağlamlığını bərpa etməsi və əmək qabiliyyətini qoruması üçün qanunvericiliklə təmin olunan əsas hüquqlardan biridir. Məzuniyyət dövründə işçinin əmək yeri və vəzifəsi saxlanılır, qanunla nəzərdə tutulan hallarda isə məzuniyyət haqqı ödənilir. Əmək Məcəlləsi işçilərin müxtəlif növ məzuniyyətlərdən istifadə hüququnu və bu hüququn təmin edilmə qaydasını müəyyən edir. İşçilərə ödənişli əsaslarla məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.
Bəs 21 gündən az məzuniyyət vermək qanunidirmi?
Əmək hüquqları eksperti Etibar Qarayev Banco.az-a açıqlamasında bildirib ki, əmək münasibətlərində işçilərin ən çox verdiyi suallardan biri məzuniyyət hüququ ilə bağlıdır:
"Xüsusilə bəzi hallarda işçilərə 21 gündən az məzuniyyət təklif olunur və ya faktiki olaraq bu müddətdən az istirahət verilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərin istirahət hüququnu əmək hüquqlarının mühüm elementlərindən biri kimi qoruyur və məzuniyyətin minimum müddətini dəqiq müəyyən edir. Qanunvericiliyin məqsədi işçinin əmək qabiliyyətinin bərpasını, sağlamlığının qorunmasını və normal istirahət imkanlarının təmin edilməsini təmin etməkdir".
Qanun minimum neçə gün məzuniyyət nəzərdə tutur?
E. Qarayevin sözlərinə görə, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən işçilərə verilən illik ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmamalıdır: "Burada vacib məqam ondan ibarətdir ki, 21 gün maksimum deyil, minimum həddir. İşəgötürən işçiyə daha çox məzuniyyət verə bilər, lakin bu müddəti azaltmaq hüququna malik deyil.
Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:
a) kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;
b) inzibati vəzifələrdə çalışan dövlət qulluqçularına, vahid tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq rəhbər və mütəxəssis kateqoriyasına aid edilən işçilərə;
c) xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə;
ç) təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;
d) elmi dərəcəsi olmayan elmi işçilərə;
e) həkimlərə, orta tibb işçilərinə və əczaçılara.
4. Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir.
5. Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir.
6. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır. Bu halda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınır".

Əmək müqaviləsində 21 gündən az məzuniyyət göstərilə bilərmi?
- Xeyr.
Hüquqşünas qeyd edib ki, Əmək Məcəlləsinin bu sahədəki tələbi imperativ xarakter daşıyır: "Bu o deməkdir ki, tərəflər öz aralarında razılığa gəlsələr belə, qanunla müəyyən edilmiş minimum məzuniyyət müddətini azalda bilməzlər.
Başqa sözlə, əmək müqaviləsində, müəssisədaxili qaydalarda və ya işəgötürənin hər hansı qərarında 21 gündən az məzuniyyət nəzərdə tutulubsa, həmin şərt hüquqi qüvvəyə malik hesab edilmir. İşçi belə bir sənədə imza atsa belə, qanun onun minimum 21 günlük məzuniyyət hüququnu qorumağa davam edir".
E. Qarayev yekun olaraq bildirib ki? Azərbaycan Respublikasının əmək qanunvericiliyinə görə işçiyə illik ödənişli əsas məzuniyyətin 21 təqvim günündən az verilməsi qanunsuzdur: "Bu minimum hədd əmək müqaviləsi, daxili qayda və ya tərəflərin razılığı ilə dəyişdirilə bilməz. Məzuniyyət hissələrə bölünə bilər, lakin ümumi müddət azaldıla bilməz. İstifadə edilməmiş məzuniyyət günləri qorunur və işdən çıxarkən kompensasiya şəklində ödənilir. İşçilərin məzuniyyət hüququnun pozulması isə işəgötürən üçün hüquqi məsuliyyət yaradır".
Bizi sosial şəbəkələrdən izləyin!!
