Bakı Banklararası Valyuta Birjası (BBVB) və “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı arasında sığorta şirkətinin Birja Elektron Ticarət Sisteminin (BEST) "Money-Market" pul bazarında iştirakı ilə bağlı müqavilə imzalanıb. Verilən məlumata görə, müqavilə BBVB-nin rəhbəri Fərhad Əmirbəyov və İcbari Sığorta Bürosunun İcraçi direktoru Elxan Quliyev arasında imzalanıb.
İmzalanan müqavilənin şərtlərinə əsasən, Hüquqi Şəxslərin İttifaqı banklarla eyni hüquqa malik bir iştirakçı qismində bankların topdansatış pul bazarına çıxış hüququ əldə edir. BBVB yeni iştirakçının BEST ticarət sisteminə çıxışını təmin edəcək, eləcə də hesablama və informasiya xidmətləri göstərəcək.
Pul bazarı seqmentində həyata keçirilən əməliyyat və hesablaşmalar "BEST sistemində pul vəsaitlərinin cəlb edilməsi və yerləşdirilməsi üzrə əməliyyatların müvəqqəti keçirilməsi qaydaları", "BEST sistemində hərracların təşkili və hesablaşmaların aparılma reqlamenti", "BBVB-nin ticarət sessiyası çərçivəsində mütəşəkkil pul bazarının kredit bölməsində imzalanmış kredit və depozit əqdləri üzrə müvəqqəti hesablaşmaların aparılması qaydaları", eləcə də "Money-Market maliyyə alətlərinin spesifikasiyası" əsasında aparılır.
İcbari Sığorta Bürosu Atəşgah Sığorta, Buta Sığorta, Ata Sığorta, AzRe və Azsiğorta şirkətlərindən sonra, sığorta şirkətinin "Money-Market" pul bazarında iştirakı ilə bağlı müqavilə imzalamış 6-cı şirkətdir.
İcbari sığorta bürosu 2011-ci il noyabrın 29-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Büronun başlıca məqsədi icbari sığorta sisteminin inkişafını və stabilliyini təmin etməkdir.
Bakı Banklararası Valyuta Birjası 1993-cü ilin 21 iyun tarixində qapalı səhmdar cəmiyyəti (QSC) formasında təsis edilib. Onun səhmləri 5 səhmdar - Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Beynəlxalq Bankı (ABB), Sənaye İnvestisiya Bankı, Aqrar-Sənaye Bankı və Əmanət Bankı arasında bərabər bölünüb.
Birja Elektron Ticarət Sistemi (Bourse E-system of Trades) - birja xidmətlərinin göstərilməsində universallıq prinsipi əsasında qurulan sistemdir. Bu gün sistem valyuta riskləri və bankların qısamüddətli likvidliyinin kompleks şəkildə idarə edilməsində müasir platforma rolunu oynayır. BEST Azərbaycan banklarına həm xarici valyuta ilə əməliyyatlar aparmağa, həm də mütəşəkkil banklararası kredit bazarında aktiv fəaliyyətə imkan verir.
Sevinc İbadova/Banco.az