İş dünyasında şəxsi reputasiyanı necə qorumaq lazımdır? | Banco.az

İş dünyasında şəxsi reputasiyanı necə qorumaq lazımdır?

Tamara Mustafayeva, Banco.az

Hər zaman əsas məqam biznes reputasiyası olmaya bilər. Çünki internet mühiti bizneslərə daha şəffaf olma imkanı yaradır, biznes rəhbərləri isə öz şirkətlərinin dəyər rəmzinə çevrilir. Beləliklə, biznesmenlər (müəssisə sahibləri) müəssisənin etibarına əhəmiyyət verdikləri kimi öz şəxsi reputasiyalarına da diqqət yetirməlidirlər.

Tanınmış investor Warren Buffet–in dediyi kimi “İnam və etibar, bir sözlə reputasiya yaratmaq 20 il, itirmək isə beş dəqiqə çəkər.”

Müsbət reputasiyanı qoruyub saxlamaq, xüsusilə də milyonlarla insan sizin həm sosial, həm gündəlik davranışlarınıza fikir verirsə, təbiidir ki, çətin ola bilər.

Əgər şəxsi reputasiyanız ilə biznes etibarınınızın vəhdət təşkil etməsini istəyirsinizsə, aşağıdakı tövsiyələrə əməl edə bilərsiniz.

İctimai imicinizi nəzarətdə saxlayın

Biznesiniz və təbii ki, siz də populyarlıq qazandıqca, yavaş-yavaş öz ictimai imiciniz üzərindəki nəzarəti itirirsiniz. Kütləvi informasiya vasitələri mühüm ictimai və ya siyasi fiqurlar barəsində doğru olub-olmamasından asılı olmayaraq, hekayə yaratmağı çox sevir. Hətta sadəcə öz işləri ilə məşğul olan rəhbərlər və ya biznesmenlər belə medianın hücumundan tamamilə qoruna bilmirlər. Yadda saxlamaq lazımdır ki, əgər siz medianın işinə nəzarət edə bilmirsinizsə, öz etdiklərinizə nəzarət edin.

Şirkətiniz, işçiləriniz və müştərilərinizlə düzgün rəftar etdiyiniz təqdirdə kütləvi informasiya vasitələrində şəxsi reputasiyanızın korlanması çox çətin olacaqdır.

Mümkün qədər şəffaf olmağa çalışın

Sirlər yaxşı reputasiyanın ən böyük düşmənidir. Adətən hər hansı bir mübahisəli məqam yarananda anlaşmazlıqlarla bağlı şayiələr meydana çıxır. Bu zaman isə məsələyə aydınlıq gətirmək üçün mümkün qədər dürüst olmaq lazımdır.

Müəssisənizdə çalışan insanların məqsəd və planlarınızdan xəbərdar olmasını təmin etmək sizin üçün prioritet olmalıdır. İşçilər şirkətdə baş verən hadisələrdən tamamilə məlumatlı olduqları zaman yaranan mübahisəli məsələrin aradan qaldırılması üçün daha böyük səylə çalışacaqlar.

İşçilərlə yanaşı hədəf kütlə, daimi və ya potensial müştərilərə qarşı da dürüst olmaq lazımdır.

Məsuliyyəti tamamilə öz üzərinizə götürməyi bacarın

Mümkün deyil ki, uzun və uğurlu bir karyera ərzində heç bir səhvə yol verməyəsiniz. Adətən öz işinin peşəkarı olmayan, uğursuz rəhbərlər yol verdikləri səhvlərin nəticəsini tabeliyində çalışanlara həvalə edir və bu yolla da öz reputasiyalarını qorumağa çalışırlar.

Öz səhvlərinizi qəbul etməyi bacardığınız və onları həll etmək üçün şəxsən çalışdığınız zaman insanların sizə inamı daha da artacaqdır. Hər hansı bir şirkətin rəhbərisinizsə, təbiidir ki, kiçik uğursuzluqlardan daha çoxunun yükünü daşımalı olacaqsınız, ancaq öz səhvlərinizə görə məsuliyyət daşımağı bacarmalısınız.

Ən sərfəli kredit üçün müraciət et

Unutmayın ki, səhv etmək insana məxsusdur.

Nümunə götürdüyünüz insanların həyatını özünüzə örnək alın

Güman ki, sizin nümunə götürdüyünüz insanlar doğru yoldan ayrılmadan böyük işlərə imza atan Opra Uinfri və ya Bill Qeyts kimi tanınmış şəxslərdir. Əgər belədirsə, o zaman siz həmin şəxslərin həyatına və uğur hekayələrinə nəzər salaraq şəxsi reputasiyalarını hansı üsullarla qoruduqlarını aydınlaşdıra bilərsiniz.

Hər bir halda həmin şəxslər insanları dürüstlüyə, başqalarını dəstəkləməyə, iş yoldaşları ilə düzgün rəftar etməyə və ən əsası sevgiyə ruhlandırır və siz də onların etdiklərini dəyərləndirərək bu anlayışları öz hədəf kütlənizə necə adaptasiya edəcəyinizi öyrənə bilərsiniz.

Fürsətləri dəyərləndirin

Biznes imkanları adətən ən gözləmədiyiniz məqamlarda qarşınıza çıxır. Bəzən hətta şəxsi reputasiyanıza xələl gətirən hallar belə sizin üçün qeyri-adi formada biznes uğuruna çevrilə bilər.

Məsələn, müəssisənin sosial media hesablarına göstərdiyiniz xidmətdən narazılıq edən, sizi tənqid edən rəylər gəlibsə, əsla bu rəylərə sərt reaksiya verməməli və ya həmin rəyləri görməzdən gəlməməlisiniz. Bunun əvəzinə isə siz bu vəziyyəti fürsətə çevirməli və narazı olan insanları öz lehinizə dəyişməyi bacarmalısınız.

Sonda onu qeyd etmək lazımdır ki, insanların nəzərində yaratdığınız müsbət və uğurlu şəxsi reputasiya karyeranızda uzun müddətli olmağınıza səbəb olacaq.

Həmçinin oxu: İş həyatında uğur qazanmaq istəyirsinizsə, bu şəxsləri MÜTLƏQ izləyin

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et