Müəllif:Mehin Qasımova,Banco.az
Yaxın Şərqdə davam edən münaqişənin ikinci ayına keçməsi fonunda İran iqtisadiyyatı ciddi sarsıntılar yaşayır.
Banco.az xəbər verir ki, milli valyutanın sürətli dəyər itirməsi, istehsal infrastrukturlarına zərbələr və ticarət əlaqələrinin pozulması ölkəni ağır maliyyə böhranına sürükləyib.
Münaqişə başlayandan bəri İran rialı ABŞ dollarına qarşı kəskin dəyər itirib. Son bir ayda 10 faizdən çox, son altı ayda isə 36,7 faiz ucuzlaşma qeydə alınıb.
Valyuta ehtiyatlarının azalması bank sistemində likvidlik böhranını dərinləşdirib. Bu isə idxaldan asılı olan sənaye sahələrinin fəaliyyətini iflic vəziyyətinə salır. Rəsmi və qara bazar məzənnələri arasındakı fərqin böyüməsi bazarda qiymət mexanizmini pozaraq qeyri-sabitliyi artırır.
İqtisadi tənəzzül fonunda inflyasiya səviyyəsi 50 faizi keçib. Xüsusilə ərzaq məhsullarında qiymətlərin aylıq 8 faizdən çox artması əhalinin gündəlik həyatına ciddi təsir göstərir. Ət, süd və taxıl kimi əsas məhsullarda bahalaşma aşağı gəlirli təbəqələr üçün ciddi sosial risklər yaradır.
Logistika xətlərində yaranan problemlər isə təchizat zəncirini zəiflədərək bazarlarda məhsul çatışmazlığına səbəb olur. Mövcud tendensiya davam edərsə, ilin sonuna qədər iqtisadiyyatın 10 faizdən çox kiçiləcəyi ehtimal olunur.
İran iqtisadiyyatının əsas dayaqlarından olan enerji və ağır sənaye sektoru da ciddi zərər görüb. Xarq adası və İsfahan kimi strateji mərkəzlərdə istehsal və ixrac imkanlarının məhdudlaşması ümumi iqtisadi aktivliyi aşağı salıb.
Bundan əlavə, Hörmüz boğazı ətrafında artan risklər səbəbilə neft daşımalarında çətinliklər yaranıb və gündəlik ixrac gücünün təxminən 15 faiz azaldığı bildirilir. Bu isə dövlət büdcəsində milyardlarla dollar itkiyə səbəb olur.
İqtisadi böhran sosial təminat sisteminə də ağır yük gətirib. Vergi daxilolmalarının azalması və hərbi xərclərin artması büdcə kəsirini genişləndirir. Pensiya ödənişlərində gecikmələr, səhiyyə xərclərinin azalması və sosial proqramların zəifləməsi cəmiyyətin rifahına birbaşa təsir edir.
Eyni zamanda, investorların ölkədən kapital çıxarması iqtisadiyyatın gələcək inkişaf imkanlarını məhdudlaşdırır. Bu isə həm texnoloji yenilənməni, həm də infrastruktur layihələrinin həyata keçirilməsini çətinləşdirir.
Mütəxəssislər hesab edir ki, mövcud vəziyyət davam edərsə, İran iqtisadiyyatı təkcə qısamüddətli tənəzzüllə deyil, uzunmüddətli struktur böhranı ilə üz-üzə qala bilər.
