İran rialın denominasiyasını keçirməyi planlaşdırır | Banco.az

İran rialın denominasiyasını keçirməyi planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

İranda əskinaslardan dörd sıfırın silinməsi və rəsmi valyutanın “İran rialı”ndan yeni pul vahidi – “İran tümən”inə dəyişdirilməsini nəzərdə tutan pul islahatı planlaşdırılır.

Banco.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian ölkə parlamentinə maliyyə islahatı haqqında qanun layihəsini təqdim edib.

Qeyd olunur ki, Nazirlər Kabineti tərəfindən təklif edilmiş və hələ 2019-cu ildə təsdiqlənmiş sənəd təcili olaraq parlamentə təqdim edilib.

Ən sərfəli kredit üçün müraciət et

“Parlamentə ölkənin maliyyə-bank qanunvericiliyində islahatlar haqqında qanun layihəsi təqdim edilib ki, bunun da mahiyyəti milli valyuta əskinaslarından dörd sıfırın silinməsi və maliyyə sisteminin dəyişdirilməsindən ibarətdir”, – məlumatda deyilir.

İslahat xroniki inflyasiya, valyutanın alıcılıq qabiliyyətinin azalması, eləcə də gündəlik əməliyyatların həcminin artması və xarici valyutalara nisbətdə milli valyutanın imicinin pisləşməsi ilə bağlı problemlərin həllinə yönəlib.

Qanun layihəsinə əsasən, İranın yeni valyutası – “tümən” 10 000 riala və 100 parsəyə bərabər olacaq. Yeni valyutaya keçidin rahatlığı üçün iki illik keçid dövrü müəyyən ediləcək ki, bu müddət ərzində hesablaşmalarda həm yeni “tümən”, həm də köhnə “rial”dan istifadə etmək mümkün olacaq.