İqtisadçı: "Azərbaycanda müqavilə ilə işləyənlərin sayı 13 min nəfər azalıb" | Banco.az

İqtisadçı: "Azərbaycanda müqavilə ilə işləyənlərin sayı 13 min nəfər azalıb"

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Ölkə iqtisadiyyatında çalışan işçilərin sayında azalma qeydə alınıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 706 min nəfər olub. Onlardan 891,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Ötən ilin avqustun 1-ə olan vəziyyətə görə isə, ölkədə 1 milyon 719 min nəfər muzdla çalışan işçi qeydiyyatda olub. Bu o deməkdir ki, müqavilə ilə çalışanların sayı 2022-ci ilin uyğun dövrünə nisbətən 13 min nəfər azalıb".

Banco.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, məsələnin digər tərəfi işçilərin sayının azalmasının həm dövlət, həm də özəl sektorda müşahidə olunması ilə bağlıdır: "Müqavilə ilə çalışanların sayında azalma həmin müddətdə dövlət sektorunda 6 min, özəl sektorda isə 7 min olub.

Dövlət sektorunda işçilərin sayının azalması daha çox institutsional dəyişikliklər ilə bağlı olsa da, özəl sektorda əmək müqavilələrinin sayının azalmasının xüsusi təhlil edilməsi və monitorinqlərin gücləndirilməsi vacibdir. Belə ki, məşğulluğun daha çox özəl sektor hesabına formalaşdırılması əsas prioritetlərdən hesab olunur. Eyni zamanda, iqtisadiyyat ağardıqca özəl sektorda əmək müqavilələrinin sayının artması, qeyri-leqal məşğulluğun rəsmilləşdirilməsi çox vacibdir. Aydındır ki, bir sıra müəssisələrdə işçilərin heç də hamısı ilə əmək müqavilələri bağlanılmır və deməli bu sahədə nəzarətin daha da gücləndirilməsi vacibdir".

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı son olaraq qeyd edib ki, son statistika sosial haqqların faizinə yenidən baxılıb azaldılması və eləcə də dövlət sektorunda gəlirlərdə vergidən azad olunan məbləğin artırılmasını bir daha gündəmə gətirir: "Məşğulluğun rəsmilləşdirilməsi üçün təşviqedici tədbirlərin genişləndirilməsi vacibdir. Bu xüsusən, məşğulluqda özəl sektorun lokomotivə çevrilməsi baxımından da əhəmiyyətlidir".

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 925,3 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3571,2 manat, qeyri neft-qaz sektorunda 874,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 889,3 manat, özəl müəssisələrdə isə 964,9 manat olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et