İpoteka strategiyasında dəyişiklik edilə bilər | Banco.az

İpoteka strategiyasında dəyişiklik edilə bilər

Mərkəzi Bank hökumətlə birgə iqtisadiyyatın əlavə maliyyələşdirilməsini, ucuz maliyyə vəsaitlərinin verilməsini düşünür ki, bunların ən vacibi ipoteka hesab olunur.

Bu barədə Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyətinə dair illik hesabatının müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov məlumat verib.

“Artıq məsləhətləşmə və fikir birliyi var. İpotekaya verilən ümumi vəsaiti əhəmiyyətli dərəcədə qaldırmaq fikrindəyik. Eyni zamanda, kommersiya ipotekası və sosial ipotekanın məbləğini artırmaq istəyirik. Başlıca məqsəd ipotekada iqtisadi aktivliyi canlandırmaqdır. Bu vəsaitlərin yeni tikintiyə yönəldilməsi istiqamətində artırılması buna imkan yaradacaq. Əvvəlcə əlaqədar qurumlarla yeni tikintidə alınan mənzillərin özlərinin bilavasitə ipotekaya girov kimi qoyulması məsələsi həll edilməlidir. Dünya praktikasında olan təcrübəyə əsaslanaraq biz ilkin qeydiyyata keçəcəyik”, - deyə E.Rüstəmov qeyd edib.

Mərkəzi Bankın sədri sosial tikintinin ipoteka mexanizmi vasitəsilə maliyyələşdirilməsi üzərində də düşündüklərini diqqətə çatdırıb: “Mərkəzi Bank ipotekanın regionlarda, o cümlədən müəllimlər, həkimlər və digər gənc ailələrin ipoteka ilə təmin olunması mexanizmini də yaratmaq fikrindədir”.

Ən sərfəli kredit üçün müraciət et

azertag.az