“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz | Banco.az

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Keçən həftə ABŞ-ın işsizlik və inflyasiya səviyyələrinin müsbət açıqlanması, FED-in dekabr ayında faiz artıracağı ehtimallarının güclənməsinə və beləliklə, dolların FOREX bazarlarında da bahalaşmasına səbəb olub. Təkcə, keçən həftə ərzində dolların avroya qarşı qiyməti 3% dəyər qazanıb. InvestAZ analitiklərinin EUR/USD məzənnəsi üzrə təhlilləri onu göstərir ki, qiymət 1.0450$-ın altında qalarsa, əlavə olaraq 1.0100$-a kimi də ucuzlaşa bilər. Eyni zamanda, cari həftə ərzində ABŞ və Avrozonanın daşınmaz əmlak, sənaye və xidmət sektoru ilə bağlı önəmli statistik göstəricilər də dərc ediləcək.

GBP

Dolların FOREX bazarlarında güclənməsi GBP/USD cütlüyünün də ucuzlaşmasına səbəb olub. Keçən həftə ərzində 1.2301$-a kimi ucuzlaşan məzənnənin eniş dalğası 1.2220 və 1.2110$-a kimi də davam edə bilər. Bu həftənin cümə günü Bakı vaxtı ilə saat 13:30-da Böyük Britaniyanın 3-cü rüb üzrə iqtisadi inkişaf səviyyəsinin 2-ci hesablanması yayımlanacaq və məlumat investorlar tərəfindən böyük maraqla gözlənilir.

TRY

Dolların Türk lirəsinə nisbətən qiyməti də tarixi rekord səviyyəsini yenidən 3.40TL ilə yeniləyib. Dolların dünya birjalarında güclənməsi və Türkiyə ilə Avropa Birliyi arasında siyasi gərginliklərin artması, USD/TRY məzənnəsinin də bahalaşmasına, yəni lirənin ucuzlaşmasına təsir edir. Məzənnə üzrə texniki təhlillər onu göstərir ki, qiymət 3.43TL və 3.50TL- ə kimi də bahalaşa bilər.

Ən sərfəli kredit üçün müraciət et

OIL

Noyabr ayının 30-da planlaşdırılan OPEC-in rəsmi toplantısı fonunda enerji bazarlarında neft qiymətləri bahalaşmaqdadır. Maliyyə bazarlarında dünyanın böyük neft hasilatı ölkələrinin neft istehsalının müəyyən səviyyədə dondura biləcəkləri gözləntiləri, qiymətlərin dəyər qazanmasına təsir edir. Bu həftə 48$-dək (9%) bahalaşan qiymət əlavə olaraq 50$-a kimi də dəyər qazana bilər.

GOLD

Digər əmtəə birjalarında isə qızılın qiyməti ucuzlaşmaqda davam edir. InvestAZ analitiklərinin fikrincə, artıq 1202$-a (38.5 $/qram) kimi ucuzlaşan qızılın bir unsiya üzrə qiyməti cari ilin önəmli səviyyəsi sayılan 1199$-dək (38.4 $/qram) eniş trendinə davam edərsə, əlavə olaraq 1185 (38.0 $/qram) və 1155$-a (37.0 $/qram) kimi də ucuzlaşa bilər.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Mənbə: Apa.az