Əslində pul qazanmağın bir sıra yolları mövcuddur. Tələbə uyğun təklif və ya təklifə uyğun tələb yaradaraq buna nail olmaq olar. Bu baxımdan Yaponiya höküməti ən yaxşı nümunə hesab oluna bilər, çünki yaponlar bir çoxlarının tələbə olmaz dediyi əşyalara qarşı istək formalaşdırmağa nail ola biliblər. Başqa bir misal göstərə bilərik. Məsələn, hər birimizin ayrılmaz parçasına çevrilən internet buna ən yaxşı nümunədir. Hal-hazırda internet kəsintisi olması dünyada həyatın dayanması mənasını ifadə edir. Səbəb isə çox sadədir. Hər şey internetin köməyilə idarə olunur. Maraqlıdır, internet necə yaranıb və ümumilikdə insanlar daha əvvəl ehtiyac hiss etmədiyi bu məfhumun əsirinə necə çevrildilər?
Banco.az sizlər üçün internetin yaranma tarixi haqda qısa araşdırmasını təqdim edir.
İnternetin adi insanlar arasında istifadəsini təmin edən şəxs Vinton Cerf olub. Vinton ixtisasca riyaziyyatçı olub və həmin dövrdə kompüterlər arası məlumat transferi üzərində çalışırdı. Əslində həmin zaman Vintonun istəyi internetdən gəlir əldə etmək deyil, eşitmə məhdudiyyətli həyat yoldaşının digər insanlarla ünsiyyətini təmin etmək idi. Vintona qədər dünyada internet mövcud idi, lakin ondan sadəcə hərbi sahədə istifadə olunurdu. Lakin Vinton Cerfin kəşfləri internetin qlobala çıxmasına şərait yaratdı. İnternetin qlobal istifadə dövrü 1990-cu illərə təsadüf edir.
Dünya internet adıyla tanıdığımız “World Wide Web” ifadəsiylə 1991-ci ildə tanış oldu. 1994-cü ildə artıq internet saytlarının sayı 10 000, host sayı isə 3 milyona çatmışdı. Təbii ki, hal-hazırda süni zəka nə qədər vacib xarakter daşımağa başlayıbsa, dünyada fəaliyyət göstərən şirkətlər də internetdə eyni potensialı görməkdə idi. Niyə də olmasın, axı bu gələcəyin “çörək ağacı” idi. İnternetin ortaya çıxması yeni sahələri və yeni anlayışları da bərabərində gətirdi. Belə olan halda yeni bazar və iqtisadi sahə anlayış formalaşdı.
Buna misal olaraq internet reklamını misal göstərmək olar. Məlumat üçün bildirək ki, internet reklamları ilk dəfə 1994-cü ildə təqdim olunub. Bunun iqtisadi tərəfini açıqlasaq sadəcə rəqəmlərə diqqət etmək kifayət edir. İnternet reklamı qlobala çıxmağın sadə və ən səmərəli yoludur. Məsələ ondan ibarətdir ki, 50 milyon insanın diqqətini çəkmək üçün radioya 38, televiziyaya 13 il lazım olduğu halda, internet bu işə 5 ildə nail oldu.
Bəlkə də bir çoxunuz bu sualı heç fikirləşməmisiniz. Niyə sosial şəbəkələr və ya internet oyunları pulsuz şəkildə təqdim olunur. Bunu aydınladacaq bir fikir bildirməyimiz kifayət edər: “Dəyərli şeylər pulsuzdur.” Yəni daha əvvəlki yazılarımızda dediyimiz kimi sizə aid məlumatların dəyəri olduqca yüksəkdir və şirkətlər internet mühitində bundan məharətlə istifadə etməkdədir.
Nəcibə Yusifova, Banco.az