1) Valyuta məzənnəsi inflyasiyaya necə təsir göstərir?
Valyuta məzənnəsi inflyasiyaya əsasən idxal qiymətləri vasitəsilə təsir göstərir. Milli valyutanın məzənnəsi xarici valyutalara nəzərən yüksəldikdə idxal qiymətləri ucuzlaşır, milli valyutanın məzənnəsi xarici valyutalara nəzərən aşağı düşdükdə isə, əksinə, idxal malları bahalaşır. Məsələn, fərz edək ki, idxal olunan hər hansı məhsulun qiyməti 100 ABŞ dolları, 1 dolların manata nəzərən məzənnəsi isə 0.9 manatdır (və ya 1 manat 1.11 dollardır). Bu halda həmin idxal malının manatla qiyməti 90 manat (100×0.9) olacaqdır. Manat dollara nəzərən möhkəmlənərsə, məsələn 1 ABŞ dollarının məzənnəsi 0.9-dan 0.8-ə enərsə, onda idxal malının qiyməti də 90 manatdan 80 manata (100×0.8) enəcəkdir. Dolların məzənnəsi 0.9-dan 1 manata yüksəldiyi halda isə idxal malının qiyməti 90 manatdan 100 manata yüksələcəkdir. Bir qayda olaraq daxili istehlak bazarında idxal mallarının xüsusi çəkisi nə qədər çox olarsa məzənnənin ümumi inflyasiya səviyyəsinə təsiri də bir o qədər əhəmiyyətli olar.
2) Təsbit edilmiş valyuta məzənnəsi rejimi və üzən məzənnə rejimi nədir?
Təsbit edilmiş məzənnə rejimi dedikdə ölkənin milli valyutasının sərbəst dönərli xarici valyutaya qarşı dəyişməz saxlanılması nəzərdə tutulur. Yəni, təsbit edilmiş məzənnənin xüsusiyyəti ondan ibarətdir ki, o kifayət qədər uzun müddət ərzində (aylar və ya illər) sabit qalır. Məzənnəni sabit saxlamaq üçün Mərkəzi Bank valyuta bazarında tələb və təklifi aktiv alış-satış əməliyyatları vasitəsilə tarazlaşdırır. “Üzən” valyuta məzənnəsi rejiminin tətbiq edildiyi zaman valyuta məzənnəsi valyutaya olan tələb və təklifin təsiri əsasında formalaşır, hər gün və tez-tez dəyişir. Lakin, “üzən” valyuta məzənnəsi rejimi mərkəzi bank tərəfindən valyuta məzənnəsinin tənzimlənməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi imkanını istisna etmir. Belə ki, müstəsna hallarda Mərkəzi Bank məzənnənin kəskin tərəddüdlərinin qarşısını almaq məqsədilə valyuta bazarına müdaxilə edib məzənnə dəyişikliyini “hamarlaya” bilər.
3) Milli valyutanın məzənnəsinə hansı amillər təsir edir?
Milli valyutanın məzənnəsinə təsir edən ən mühüm amil daxili valyuta bazarında tələb və təklifin nisbətidir. Bu nisbət tədiyə balansının vəziyyətindən asılı olaraq formalaşır.
4) ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsi ilə bağlı verdiyi qərarlar manatın məzənnəsinə adətən necə təsir göstərir?
FED-in faizlə bağlı qərarları qısamüddətli dövrdə adətən böyük həcmdə spekulyativ kapital daxilolmalarına malik olan ölkələrə təsir göstərir. Azərbaycan isə iri həcmli spekulyativ kapital daxilolmalarına malik ölkə olmadığından həmin qərarların təsiri ilə burada bununla bağlı hər hansı qısamüddətli dəyişiklik gözlənilmir.
Ümumilikdə, bunun manatın məzənnəsinə birbaşa təsiri yoxdur. Əgər bu, müəyyən vaxtdan sonra neftin qiymətinin dəyişməsinə səbəb olarsa, o zaman ölkənin tədiyə balansına təsir göstərə bilər. Bu təsirləri qabaqlayıcı rejimdə tənzimləmək üçün Azərbaycan hökuməti və Mərkəzi Bankı adekvat makroiqtisadi sabitlik tədbirləri görür və bundan sonra da görəcəkdir.
Ölkədə həyata keçirilən məzənnə rejiminə uyğun olaraq ABŞ dollarının manata məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı büdcə ehtiyacları üçün neft transferlərinin məbləğindən asılıdır.
Mənbə: Mərkəzi bankın rəsmi saytı