Müəllif:Mehin Qasımova,Banco.az
Rusiya 2025-ci ilin yanvar-iyul aylarında Türkiyəyə boru kəməri qaz tədarükünü keçən ilin eyni dövrü ilə müqayisədə 26% artıraraq, təxminən 12,7 milyard kubmetrə çatıb.
Banco.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarı Tənzimləmə Qurumu (EPDK) məlumat verib.
Agentliyin məlumatına görə, iyul ayında Türkiyə “Türk axını” və “Mavi axın” vasitəsilə Rusiyadan ümumilikdə 1,78 milyard kubmetr qaz idxal edib.
Cəmi yeddi ayda Rusiya qazının Türkiyəyə tədarükünün həcmi təqribən 12,7 milyard kubmetrə (+26,4%) çatıb. Mayeləşdirilmiş təbii qaz (LNG) daşımaları da daxil olmaqla 2025-ci ilin yanvar-iyul aylarında Rusiya qazının Türkiyəyə tədarükünün ümumi artımı 23% təşkil edir.
2024-cü ilin sonuna qədər Rusiya Türkiyəyə boru kəməri ilə qaz tədarükünü 2,6% artıraraq 21 milyard kubmetrdən bir qədər çox təşkil edib. Rusiyadan Türkiyəyə tədarük edilən qazın ümumi həcmi LNG də daxil olmaqla 21,5 milyard kubmetri keçib.