İnsan hərəkətinə ən yaxın robot təqdim edilib | Banco.az

İnsan hərəkətinə ən yaxın robot təqdim edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Clone Robotics” şirkəti insan kimi tərləyən və hərəkət edən Android robotu olan Protoclone V1-i təqdim edib.

Banco.az xəbər verir ki, insanabənzər robot texnologiyası sürətlə inkişaf edərkən “Clone Robotics” insan anatomiyasını inanılmaz dəqiqliklə təqlid edən yeni androidi Protoclone V1-i təqdim edib. ABŞ və Polşadakı komandalar tərəfindən hazırlanan bu yüksək texnologiyalı prototip 200-dən çox sərbəstlik dərəcəsi, 1.000 süni əzələ (Miyofiber) və 500 sensorla təchiz edilmiş bir əzələ-skelet sisteminə malikdir. Ənənəvi insanabənzər robotların sərt mexaniki komponentləri ilə müqayisədə daha üzvi quruluşa sahib olan Protoclone V1 axıcı və təbii hərəkətləri ilə böyük maraq doğurub.

“Clone Robotics”in dizaynı yalnız insanabənzər hərəkətləri deyil, həm də skelet, əzələ, damar və sinir sistemini simulyasiya edən mürəkkəb bir süni quruluşu özündə ehtiva edir. İlkin versiyada pnevmatik sistemlə işləyən androidin gələcək modellərində hidravlik sistemə keçidi planlaşdırılır. Ən diqqətçəkən xüsusiyyətlərindən biri isə bədən temperaturunu tənzimləmək üçün su istifadə edərək insan tərləməsini təqlid edən soyutma mexanizmidir.

"Bu robotu bir çəngəllə bıçaqlaya bilərsiniz"

“Clone Robotics” Protoclone V1-in insanabənzər hərəkətlərini nümayiş etdirən qısa bir videonu X (Twitter) platformasında yayımlayıb. Video 28 milyondan çox baxış toplayıb və tamaşaçılar arasında heyranlıqdan narahatlığa qədər geniş reaksiyalar doğurub. Distopik atmosfer yaradan bu robot insanabənzər maşınların gələcəyi ilə bağlı yeni müzakirələrə səbəb olub. “Clone Robotics”in həmtəsisçisi Dhanush Radhakrishna (internetdə "Necromancer" ləqəbi ilə tanınır) bir istifadəçinin "Bu robotu bir əsa ilə öldürmək olar?" sualına, "Bir çəngəllə bıçaqlaya bilərsiniz, qanaxmadan öləcək" cavabını verib.

Süni insanlar gəlir

“Clone Robotics” Protoclone V1-in yalnız bir başlanğıc olduğunu və sənayedən tutmuş tibbi yardım sahəsinə qədər bir çox sektorda istifadə oluna biləcək süni insanlar inkişaf etdirməyi hədəflədiyini açıqlayıb. Şirkət bu vizyon çərçivəsində 2025-ci il ərzində Alpha android seriyasından 279 ədəd buraxmağı planlaşdırır.

İnkişaf etmiş insanabənzər androidlər robot texnologiyasının sərhədlərini yenidən müəyyənləşdirərkən, “Clone Robotics”in bu sahədəki çalışmaları insan-maşın qarşılıqlı əlaqəsinin gələcəyini necə dəyişdirəcəyinə dair kritik bir dönüş nöqtəsi kimi qiymətləndirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram