Müəllif: Tamara Mustafayeva, Banco.az
ING-nin neft və dollar proqnozu.
Banco.az xəbər verir ki, “ING” ilin sonuna və 2027-ci ilə doğru ABŞ dollarının məzənnəsinin cüzi zəifləyəcəyini proqnozlaşdırıb.
Bankın qiymətləndirməsinə görə, 2026-cı ilin ikinci yarısında bazarların əsas diqqət mərkəzində mərkəzi bankların faiz qərarları, enerji qiymətlərindəki dəyişikliklər, ölkələrin iqtisadi bərpa tempi və siyasi hadisələr olacaq. “ING” hesab edir ki, qlobal iqtisadiyyat ilin ilk yarısı ilə müqayisədə daha sabit və güclü göstəricilər nümayiş etdirəcək. Bunun isə böyük ölçüdə Yaxın Şərqdə baş verən proseslərdən asılı olacağı vurğulanıb.
Qurumun makroiqtisadi araşdırmalar üzrə direktoru Karsten Bjeski cümə axşamı yayımladığı qiymətləndirmədə bildirib ki, mərkəzi bank rəhbərlərinin təklif şokuna qarşı apardıqları mübarizə gündəmi müəyyənləşdirməyə davam edəcək. O qeyd edib: “Faiz dərəcələrinin daha da artırılması sürətlə siyasət səhvinə çevrilə bilər, heç bir addım atmamaq isə etibar problemi yarada bilər”. Bjeski əlavə edib ki, Avropa Mərkəzi Bankının (ECB) daha bir “ehtiyat xarakterli” faiz artımına meyilli olduğunu düşünür və digər mərkəzi bankların əksəriyyətinin isə əsasən gözləmə mövqeyində qalacağını gözləyirlər.
Bjeski enerji qiymətlərinin enməsi fonunda iqtisadi bərpanın ölkələr və regionlar arasında əhəmiyyətli dərəcədə fərqlənəcəyini də bildirib. Onun sözlərinə görə, “Hörmüz boğazının bağlanmasından ən çox təsirlənən Asiya iqtisadiyyatları üçün daşımaların bərpası güclü canlanma yarada bilər. Avropa və ABŞ-da isə aşağı enerji qiymətləri istehlakçılar üçün rahatlıq yaradacaq. Avropada bunun daha çox yığımların artmasına səbəb olacağı, ABŞ-da isə istehlak xərclərini dəstəkləyəcəyi gözlənilir”.
Bizi sosial şəbəkələrdən izləyin!!
