Müəllif:Mehin Qasımova,Banco.az
Amerikalı milyarder sahibkar İlon Mask İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda maraqlı açıqlama ilə çıxış edib.
Banco.az xəbər verir ki, o, zarafatla özünü yadplanetli adlandırdığını bildirib.
Mask çıxışı zamanı qeyd edib ki, ona tez-tez “Aramızda yadplanetlilər varmı?” sualı ünvanlanır:
“İnsanlar məndən tez-tez soruşurlar ki, yadplanetlilər aramızdadırmı. Mən də ‘Bəli, inanıram’ deyirəm. Amma təbii ki, mənə inanmırlar. Nə isə…” – deyə o bildirib.
Sahibkarın sözlərinə görə, əgər insanlar arasında yadplanetli hesab edilə biləcək biri varsa, bu, məhz onun özüdür. Mask vurğulayıb ki, Yer kürəsinin orbitində təxminən 9 min peyk mövcuddur və indiyədək heç vaxt yadplanetli gəmilər səbəbindən peyklərin manevr etməsinə ehtiyac yaranmayıb.
İlon Mask kainatda həyatın mövcudluğu ilə bağlı da fikirlərini bölüşüb:
“Deyə bilmərəm. Amma ümumiləşdirsək, həyat və şüur kainatda olduqca nadir ola bilər və bəlkə də yalnız burada, aramızda mövcuddur. Əgər belədirsə, şüur işığını qoruyub saxlamaq üçün əlimizdən gələni etmək bizim məsuliyyətimizdir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, İlon Mask daha əvvəl də insanların ölmək üçün proqramlaşdırıldığını, lakin uzunömürlülük probleminin gələcəkdə həll oluna biləcəyini açıqlamışdı.
