Müəllif: Tamara Mustafayeva, Banco.az
“SpaceX”, “Tesla” və “Twitter” şirkətlərinin sahibi İlon Mask ABŞ-ın Texas ştatı yaxınlığındakı ərazidə öz şəhərini qurmağı planlaşdırır.
Banco.az xəbər verir ki, Dünyanın aparıcı milyarderlərindən olan İlon Mask yeni iddialı təşəbbüslə çıxış edib.
Belə ki, “Wall Street Journal” (WSJ) tərəfindən dərc edilən xəbərə görə, sözügedən şəhərin Ostin şəhəri yaxınlığında yerləşən Bastrop qraflığında inşa ediləcəyi bildirilib.
Tikintisi davam edən “Boring” və “SpaceX” obyektlərinin yanındakı ərazidə təməlinin atılması planlaşdırılan şəhər Maskın şirkətlərində işləyən personalın bazar qiymətlərindən daha ucuz kirayə haqqı ödəməklə yeni mənzillərlə təmin edilməsinə şərait yaradacaq.
Qeyd edək ki, Texas qanunlarına görə, bir bölgənin şəhər statusu alması üçün ərizə verilməzdən əvvəl həmin ərazidə ən azı 201 nəfərin yaşaması tələb edilir. Bu prosesdən sonra bölgə hakimindən razılıq alınır.
Bastrop qraflığından verilən açıqlamada isə qeyd edilib ki, Maskdan və ya onun sahibi olduğu hər hansı təşkilatdan hələlik heç bir müraciət daxil olmayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!