Tamara Mustafayeva, Banco.az
Tesla və SpaceX şirkətlərinin CEO-su milyarder İlon Mask insan beyni ilə kompüter texnologiyasını birləşdirmək üçün fəaliyyətini davam etdirir. İnsan və kompüter arasında birbaşa əlaqə yaradacaq Neuralink çipi xüsusi təqdimat mərasimində ictimaiyyətə tanıdılıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, İlon Maskın böyük maraqla gözlənilən yeni ixtirası internet vasitəsilə canlı formatda ictimaiyyətə təqdim edilib.
Milyarder sahibkar sözügedən beyin implantının yaddaş pozğunluğuna, depressiyaya və görmə problemlərinə qədər müxtəlif nevroloji xəstəlikləri və onurğa zədələrini müalicə edə biləcəyini bildirib.
Maskın təqdim etdiyi və qulağın arxa hissəsinə yerləşdirilən "Link" adlı çip dəmir pul ölçüsündədir. Sözügedən çipin istənilən ağıllı saatdan gözlənilən bütün funksiyalara sahib olduğunu söyləyən Mask cihazın temperatur, təzyiq kimi bir çox göstəricini müəyyən edə bildiyini açıqlayıb.
Çipdən "Tesla" avtomobillərinin avtomatik sürücülərini idarə etmək üçün də istifadə edilə biləcəyini vurğulayan Mask bir gün oyun oynamaq üçün də ondan faydalanma ehtimalının 100% olduğunu qeyd edib.
Sözügedən çipin ayaqüstə müalicə prosedurası vasitəsilə insana taxıla biləcəyini, ancaq elektrodları beyindəki qan damarlarına dəyməməsi şərtilə xüsusi həssaslıqla yerləşdirə biləcək "möhtəşəm bir robota" ehtiyac olduğunu dilə gətirib.
Qeyd edək ki, çip ABŞ Qida və Dərman İdarəsindən "innovativ cihaz" ünvanını alsa da, hələ ki, insan üzərində sınaqlara başlanılmayıb.
Həmçinin oxu: İlon Mask haqqında bilmədiyiniz 10 maraqlı fakt
Bizi sosial şəbəkələrdən izləyin!!