Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“İnsanlığın gələcəyi kosmosdadır. Çünki insan oğlu yeni yerləri kəşf etməyi çox sevir. Bu bizim təbiətimizdə var. Dünyada artıq kəşf edəcəyimiz çox yer qalmayıb. Hər yeri ələ keçirmişik. Bundan sonrakı addım kosmosun araşdırılması olacaq”.
Bu fikirləri Banco.az-a professor, süni intellekt sahəsi üzrə tədqiqatçı Dərya Unutmaz deyib.
O hesab edir ki, insanlar artıq bir əsr sonra başqa ulduzlara səyahət edəcək, orada yeni inanılmaz həyat formaları, yeni planetlər tapacaqlar.
“Biz buna nail olmaq üçün qocalma prosesini dayandırmalıyıq. Çünki bu cür səyahətlər yüz illərlə davam edə bilər. Burada iki əsas sual var: Kosmosda aparılan elmi araşdırmalar yerə necə fayda verə bilər? İkinci sual odur ki, kosmosdakı tədqiqatlar başqa planetlərdə yaşamağa necə kömək edə bilər?
Kosmosda yaşadıqda daha çox radiasiyaya məruz qalırıq. Yer çəkiminin olmaması isə bir çox problemlərə səbəb olur. Tutaq ki, Marsa getdiniz, orada yerin cazibə qüvvəsi daha azdır. Orada həyat necə davam edəcək? Havadan tutmuş ətraf mühitə qədər fərqli şərait var. Bu iki mövzu üzərində aparılan araşdırmalar çox vacibdir.
Yer üçün faydalarına baxsaq, qravitasiyanın olmadığı mühitdə hüceyrələr və molekullar fərqli davranır. Bəzi proteinləri və kimyəvi maddələri istehsal etmək daha asan olur. Gələcəkdə, bəlkə də, dünyanın orbitində biotexnologiya fabrikləri qurulacaq. Bu fabriklərdə istehsal olunan daha keyfiyyətli və ucuz məhsullar yerə göndəriləcək.
Bəzi bioloji orqanizmlər radiasiyaya davamlıdır. Çünki onların bədənində xüsusi proteinlər var və radiasiyanın yaratdığı zərəri tez bərpa edə bilirlər. Əgər bunu insanlara tətbiq edə bilsək, radiasiyaya daha dözümlü ola bilərik”.
Professor düşünür ki, genetik xəstəliklər və yaşlanmanın qarşısını almaqla daha çox elmi kəşflər etməyə imkan tapa bilərik.
“Qravitasiya qüvvəsinin olmaması əzələlərin zəifləməsinə səbəb olur. Bunu gücləndirən dərmanlar hazırlansa, qocalma ilə bağlı problemlər də həll edilə bilər. Çünki yaşlandıqca əzələlər zəifləyir. Halbuki bir molekul vasitəsilə əzələlərin və sümüklərin daha sağlam qalmasını təmin edə bilərik. Kosmosdakı bu araşdırmalar çox həyəcanvericidir. Elon Musk Mars koloniyası qursa, mən də bilet almağı planlaşdırıram.
Əgər yaşlanmanı dayandırmağı bacarsaq, alzheimer, parkinson kimi xəstəlikləri də sağalda bilərik. İsveçrədə bir alim dostumla parkinson xəstəliyi ilə bağlı bir layihə üzərində çalışdıq. Süni intellekt vasitəsilə yüzlərlə geni analiz etdik və onların necə işlədiyini, Parkinsona necə səbəb olduğunu müəyyən etdik. Bir gün içində 50 səhifəlik bir hesabat hazırladıq və indi bu araşdırma klinik sınaq mərhələsinə keçib.
Bu metod alzheimer üçün də tətbiq oluna bilər. Süni intellekt hansı genlərin və proteinlərin xəstəliyə səbəb olduğunu təyin edib, ona qarşı dərman hazırlamağa kömək edə bilər. Xəstəliyi əvvəlcədən müəyyən etmək və qarşısını almaq müalicədən daha vacibdir. Əgər genetik olaraq risk daşıyırsınızsa, müəyyən maddələrlə bu riski azalda bilərik. Hətta xəstəlik baş verərsə, onu müalicə edib geri qaytarmaq mümkündür”.
Müsahibimiz onu da vurğulayıb ki, 2025-ci ildə süni intellekt sahəsində böyük sıçrayış olacaq:
“Xüsusilə, AI agentləri adlandırılan sistemlər inkişaf edəcək. Bu sistemlər sizin adınıza işləyəcək, məsələn, onlara bir problem verirsiniz və onlar internetdə araşdırma edib, həll yolu tapırlar. Süni intellektin köməyi ilə hazırlanmış dərmanlar 2025-ci ildə klinik sınaqlara başlayacaq. Bu, tibb sahəsində inqilab yaradacaq. Xəstəliklərin diaqnozu və müalicəsi daha sürətli olacaq. İnsanlar xəstələndikdə əvvəlcə süni intellektə müraciət edəcək və süni intellekt onlara nə etməli olduqlarını deyəcək. Həkimlər isə daha çox məsləhətçi rolunda olacaq.
Gələcəkdə hər şagirdin özünə məxsus süni intellekt müəllimi olacaq. Bu, fərdi tədris imkanlarını artıracaq və təhsili daha səmərəli edəcək. Ümumiyyətlə, 2025-ci il həyatımızın hər sahəsində süni intellektin təsirini daha çox hiss edəcəyimiz bir il olacaq”.