İlin sonunda rublun vəziyyəti necə olacaq? | Banco.az

İlin sonunda rublun vəziyyəti necə olacaq?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Oktyabrın 25-də  Moskva birjasında dolların məzənnəsi 93 rubldan da aşağı düşüb. Avro isə 14,25 qəpik ucuzlaşaraq 98,77 rubl təşkil edib.

Banco.az-ın məlumatına görə, 2023- cü ilin iyulun beşindən bu günə qədər avro 98,3 rubla kimi ucuzlaşdı. Çin yuanının məzənnəsi isə 2,2 qəpik azalaraq 12,72 rubl olub. Yəni 12 sentyabrdan bu günə qədər yuan 12,66 rubla qədər ucuzlaşıb.  Həftənin son ticarət nəticələrinə görə, rubl əsas valyutalara nisbətən bir qədər möhkəmlənib.

Rusiya mətbuatı yazır ki, adının mediyaya açıqlanmasını istəməyən mənbə Brüsseldə jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Avropa İttifaqı növbəti anti-Rusiya sanksiyalar paketinin üzərində müzakirələr aparır. Bundan öncə də rubl sanksiyaların riskləri fonunda dəyər itirməyə davam etmişdi. Amma ekspertlərin qənaətinə görə, rublun il sonuna kimi möhkəmlənməsinə vergi dövrü fonunda baş verənlər səbəb ola bilər. Çünki oktyabrda neft-qaz şirkətlərinin sentyabr ayına nisbətən iki dəfə çox vergi ödəməli olacağı gözlənilir.  Rusiya Mərkəzi Bankı avqustun 15-dəki qərarı ilə uçot faiz dərəcəsini 12%-ə yüksəltdi. Bu isə 2022-ci ilin aprelindən bu yana ən yüksək rəqəm sayılırdı. Məqsəd həm də qiymət stabilliyi risklərini limitləmək idi.

“Sankt-Peterburq” bankının analitikləri xəbərdarlıq ediblər ki, rublun zəifləməsi  qısamüddətli spekulyativ tələblə deyil, fundamental amillərlə bağlıdır. Onların qənaətinə görə, uçot dərəcəsinin indiki 12 faiz səviyyəsi, nə də onun sonra artırılması rubla ciddi dəstək verməyəcək.  Amma valyuta gəlirlərinin bir hissəsinin məcburi satışı və idxal rüsumlarının tətbiqi rublun ucuzlaşmasını ləngidə və məzənnəni bir müddət dollar üçün 90 rubl, hətta 85 rubl səviyyəsinə qaytara bilər.  Analitik Vladimir Evstifeev “RİA Novosti”yə şərhi zamanı rublun vəziyyətini müsbət dəyərləndirib.  O qeyd edib ki,rublun zəifləməsinə yol verməkdə davam etmək mümkün deyil, bu, tənəzzülə və iqtisadiyyatda disbalansın artmasına səbəb olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ümumiyyətlə, Rusiya valyutası Qərbin sanksiyalarının təzyiqləri altında öz dəyərini itirir. 2023-cü ilin əvvəli ilə nisbətdə təxminən 30 faiz dəyər itkisi qeydə alınıb. Rusiyanın enerji gəlirlərində də azalma 40 faizə çatıb. Cari ilin birinci yarısında Rusiyanın neft ixracatı 120.4 milyard dollardan 77.4 milyard dollaradək azalıb. Bu isə ölkənin tədiyyə balansını təzyiq altında saxlayır.

Qeyd edək ki, bir neçə ay bundan əvvəl  dollar 16,87 rubl  yəni 20,8% bahalaşmışdı. Nəticədə, Rusiya Federasiyasının Mərkəzi Bankı uçot dərəcəsini illik 13%-ə qaldırdı. Rusiya Prezidenti Vladimir Putinin bir sıra ixracatçılar üçün valyuta gəlirlərinin məcburi satışı haqqında fərmanından sonra  dollar 93 rubladək ucuzlaşdı, avro isə bu həftə 100 rubldan aşağı düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et