“İlin ən böyük iqtisadi yalanı ...” - 2016-nın iqtisadi yekunları | Banco.az

“İlin ən böyük iqtisadi yalanı ...” - 2016-nın iqtisadi yekunları

İqtisadçı ekspert Qubad İbadoğlu 2016-cı ilin yadda qalan iqtisadi yekunları barədə məlumat yayıb. Bu barədə sosial şəbəkədə yazan iqtisadçı bildirib ki, yola saldığımız 2016-cı ilin ən böyük özəlliyi son illər önə çıxmış və sürətlə baş verən müxtəlif iqtisadi hadisə və prosesləri daha da aktuallaşdırmasıdır:

“İl ərzində iqtisadiyyat həm hökümətin, həm də vətəndaşın gündəliyində əsas məsələ olsa da, bu sahədə bir çox problemlər həll olunmadan növbəti ilə ötürülüb.  Bu il son 5 ildə qeyri-neft ixracatının potensialından ən az istifadə olunan, son 10 ildə ən kiçik dövlət büdcəsi formalaşdırılan il kimi tarixdə qaldı.

2016-cı il xüsusilə istehlakçılar üçün gərgin oldu. İl ərzində müşahidə olunan davamlı devalvasiyaya görə, onsuz da çox olmayan gəlirləri dəyərsizləşən büdcə sferasında çalışan orta və aşağı məmurlar, müəllimlər, həkimlər, mədəniyyət, idman, KİV işçiləri, cüzi gəlirlərə malik olan pensiyaçılar ikirəqəmli inflyasiyanın yaratdığı əlavə xərclərin əsirinə çevrildilər, onların qazancları ehtiyaclarını minimum səviyyədə ödəməyə güclə çatdı. 50 mindən çox iş yerlərinin ixtisarı nəticəsində yaranan ixtisaslı və struktur işsizliyi, istehlak xərclərinin çoxalmasına görə genişlənən borclanma 2016-ci il böhranının ən böyük fəsadları sayıla bilər”.

Onun sözlərinə görə, yola saldığımız ilin ən riskli qərarı Dövlət Neft Fondunun Beynəlxalq Bankda yerləşdirdiyi 1 milyard dollar depozitlə bağlı oldu: “2016-cı ilin ən səmərəsiz iqtisadi siyasəti manatın məzənnəsinin inzibati tənzimlənməsinin davam etdirilməsi oldu.

İlin ən böyük itkisi islahatların imitasiyası səbəbindən baş verdi və nəticədə 2016-cı il nəinki islahatlar, heç islahatlara start ili kimi də yadda qalmadı. 

İlin ən çox əzilən təbəqəsi sahibkarlar oldu. Onlar yalnız böhranın deyil, həm də haqsız müdaxilənin və əsassız cərimələrin məngənəsində sıxıldılar.

Bu il ərzində dövlətin ən aciz siyasəti kapitala nəzarətlə bağlı oldu. Ölkədən çıxan kapitalın qarşısını almağa yönələn məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, Azərbaycandan xaricə külli miqdarda kapital çıxarıldı.

Ən sərfəli kredit üçün müraciət et

İlin əziz qonağı ərəblər oldu. Onların sayəsində xidmət sektoru mövsümi olsa da canlandı və əsl turist gördü.

İlin ən səmimi etirafları yeni iqtisadi modelin axtarışı, savadlı iqtisadçıların sayının azlığı oldu.

İlin ən böyük iqtisadi yalanı keçmiş rabitə nazirinin aylıq xərclərinin 200-300 min manat təşkil etməsi oldu.

Nəinki bu ilin hətta ötən 5 ilin ən iri maliyyə mənimsəməsi Beynəlxalq Bankla bağlı oldu.

İlin ən böyük korrupsiyaları MTN və Rabitə işi ilə yadda qaldı.

İlin ən böyük kreditoru Asiya İnkişaf Bankı oldu, Asiya bankları ilə sayəsində Azərbaycanın borcları son 25 ildə ən böyük sürətlə artdı

İlin ən uzun təqdimatı Strateji Yol Xəritələri ilə bağlı oldu. Hələ də davam edir.

İlin ən uzun müqaviləsi ARDNŞ və ВР arasında 2050-ci ilə kimi “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi barədə saziş oldu.

İlin ən bahalı reklam kampaniyası SOCAR-ın istiqrazları ilə bağlı sayılsa da, bu istiqrazların əsas alıcısı vətəndaşlar deyil, şirkətlər oldu.

Maliyyə sektorunda ilin ən radikal qərarı "Bank Standart"ın bağlanması sayıla bilər”.

Mənbə: Qafqazinfo.az