Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Banco.az portalının prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə prezident bank sektoruna da münasibətini bildirib.
Son 11 il ərzində Sahibkarlara Kömək Milli Fondunun xətti ilə iki milyard dollar məbləğində güzəştli kreditlər verilmişdir. Bu kreditlər iqtisadiyyatın real sektoruna ayrılmışdır. Kreditlərin böyük əksəriyyəti kənd təsərrüfatı məsələlərinə, qalan hissə isə sənaye müəssisələrinin yaradılmasına yönəldilmişdir. Bu il də vəsait nəzərdə tutulur və biz görürük ki, bu kreditlər, doğrudan da, gözəl nəticələrə gətirib çıxarır. Həm sahibkarlarda inam artır, çünki Azərbaycan dövləti bu layihələrdə, necə deyərlər, onlarla ortaqdır və öz payını güzəştli şərtlərlə təqdim edir, vəsait ayırır. Eyni zamanda, sahibkarların uğurlu fəaliyyəti üçün İqtisadiyyat və Sənaye Nazirliyi müxtəlif metodik sənədlər də tərtib edib ki, istənilən həcmli biznesi başlamaq istəyən üçün gözəl vəsait, yəni, əyani vəsait kimi təqdim edilir.
Bank sektorunun inkişafı son illərdə sürətlə getmişdir. Azərbaycanda indi bank sektorunda konsolidasiya gedir. Nizamnamə kapitalının artırılması nəticəsində artıq bu, bank sisteminə, ümumiyyətlə, çox müsbət təsir göstərmişdir, ölkəni və əhalini hər hansı bir sürprizdən qoruyur. Çünki artıq banklarımızın kifayət qədər böyük nizamnamə kapitalı var. Bizim banklarımızın bir neçəsi artıq xarici bazarlara çıxır, xaricə investisiya qoyur. Mən prinsip etibarı ilə buna etiraz etmirəm. Ancaq hesab edirəm ki, ilk növbədə, o bankların ki, böyük resursları var, ölkə iqtisadiyyatına vəsait ayırsınlar. Mən bir dəfə bu barədə demişəm, bir daha demək istəyirəm ki, üstünlük istehlak kreditlərinə yox, real sektora verilməlidir. Bank sektorunun əsas fəaliyyəti yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına yönəldilməlidir. Çünki Azərbaycan dövləti bank sektorunun formalaşmasında çox böyük rol oynamışdır. Azərbaycan dövləti və hökuməti həmişə bank sektoruna dəstək olmuşdur, eyni zamanda, onlara maliyyə resursları da verir, təmin edir, onlar üçün qazanc mənbəyi yaradır. Yəni, bank sektoru bunu düzgün qiymətləndirməlidir və dövlətə minnətdar olmalıdır ki, bunlara bu qədər qayğı göstərir. Dövlət də, öz növbəsində, indi onlardan daha da fəal iş gözləyir. Hesab edirəm ki, ən azı ildə iki dəfə bu barədə məlumat verilməlidir.
Azərbaycan bankları hansı həcmdə, hansı layihələrə, hansı rayonlarda, yaxud da Bakı şəhərində hansı vəsait ayırıblar? Bax, bu məlumat olmalıdır. Mən də, ictimaiyyət də görsün ki, bank sektoru ancaq öz cibini güdmür, eyni zamanda, ölkənin inkişafı üçün də fəal çalışır. Mən bir dəfə bu barədə demişəm, bir daha demək istəyirəm ki, biz banklardan sosial məsuliyyət gözləyirik. Eyni zamanda, bu gün Azərbaycanda elə gözəl biznes mühiti yaranıb ki, ölkəmizə qoyulan vəsait özünü doğruldacaq və doğruldur.