Müəllif: Rafiq Hunaltay
Gəlin iclaslarımızda olan tiplərdən, işçi və müdir tiplərindən danışaq. Başlayaq birinci işçi, menecer tiplərindən.
Bizim iclaslarda özünü aparmasına görə əsasən aşağıdakı tip menecerlər olur.
- İş stajından, nüfuzundan istifadə edən səsi yoğun menecerlər – bunlar adətən görüşlərdə səsinin yoğun yerinə verib, hay-küylə təşəbbüsü ələ almağa çalışırlar, istəyirlər ki, nə deyirlər o olsun. İş stajları bir az çoxdursa, batdınız. Buna qorxutmağın yumşaq forması da demək olar.
- Bölücülər, tərəf tutanlar – bu adamlar əsasən şirkətdə əgər qruplaşma varsa, onlardan hansısa birinə aid olur. Əgər mövzu əks qrupun mövzusudursa, öz qrup maraqlarına uyğun olaraq davranmağa, kritika etməyə başlayır. Buna ˝siyasətçilər˝ də deyə bilərik. Bu adamların ən böyük ziyanı odur ki, onlar öz maraqları üçün şirkət maraqlarını rahatlıqla qurban verə bilərlər. Ümumiyyətlə, belə adamlardan xilas olmaq lazımdır.
- İşi uzadanlar – bunlar cinah nümayəndələri deyil, amma illa ki, nəsə desin deyə, işi uzadırlar.˝Mən filan vaxtı bunu etmişdim, belə oldu…˝ deyib ˝hamı Mersinə gedəndə, bunlar tərsinə istiqamət götürürlər˝. Nəticədə də hədəfdən yayınıb tamam başqa çıxmaza girmiş olurlar.
- Yalançılar – çox maraqlı və son dönəm daha çox müşahidə etdiyim tiplərdir. Bunlar adətən iclas boyu çox da aktiv olmurlar. Çox fikir bildirməzlər, konkret bir fikri müdafiə etməzlər. Hər şeyə HƏ deyib, həm də YOX-a yer qoyurlar. Amma iclas bitəndən sonra sanki hər şey də o otaqda unudulur, heç bir tapşırıq icra edilmir. Ümumiyyətlə müşahidə etmişəm ki, bir qrup adam iclas müddətində xal qazanmaq üçün məsələn, həmin an filan məsələdə 30% qabaqdayıq deyə bilər dəqiqləşdirmədən. Sonra bu 30 yox 50% olsa, problem deyil o adam üçün. Əsas o anda o rəqəmi səsləndirib istədiyinə nail oldu, onsuz da iclas bitəndən sonra çox dərininə getməyəcəklərini bilir. Ona görə də bu tip adamları biləndən sonra iclasda hər deyilənə o saat inanmaq lazım deyil, araşdırmaq, iclasdan sonra lazımdırsa, mənbə və əsas tələb etmək lazımdır .
Müdirlərə gəldikdə isə, iclaslarda aşağıdakı tipləri yəqin ki, hamınız görmüsünüz.
- Despot müdirlər - Bu tip müdirlərin sözünün qabağına söz demək müşkül məsələdir. Bir marketoloqsunuzsa və belə müdiriniz varsa, batdınız. Uzaqbaşı bu müdirlərlə işləməyin ən yaxşı yolu öz ideyalarınızı, etmək istədiklərinizi onun adından təqdim etməkdir. Gördünüz ki, müdiriniz belə adamdır, nəsə ideyanız olsa, ˝Siz bir dəfə demişdiniz fikir vermədim, amma sonra gördüm ki, SİZ DEYƏN KİMİ bunu bu cür etsək yaxşı olar˝ desəniz fikrinizin qəbul olma şansı var. Ədiblərdən hansısa deyib ki, ˝mən bütün tənqidlərə qarşı müdafiə oluna bilirəm, amma tərif qarşısında deyil˝. Təxmini belə yadımda qalıb. Ona görə də məcbur tərifləyəcəksiniz.
- Bölücü müdirlər - Bu tiplər adətən intriqa yaratmağı sevirlər. Xoşlayırlar ki, hansısa məsələdə iki şöbə məsələn, bir-birini qırsın. Ona görə o şöbələri üz-üzə qoyur. Bunu da özlərindən soruşan öz-özünə nəzarət metodu deyəcəklər. Yəni hamı bir-birindən çəkinərək daha yaxşı işləməyə çalışacaq guya. Düşünürəm ki, bu metod sovetdən qalma bir metoddur və indi qətiyyən işləmir, əksinə komanda ruhunu öldürür. Bu tip müdirlərin bəzən də komandada ˝lyubimçik˝ləri olur. Onlar adətən nə deyirsə, düz deyir. Onların səhvi nədənsə, çox kiçik olur, üstündən keçmək olur. Amma başqası bunu etsə, ucundan tutub ucuzluğa gedirlər.
- PESSİMİST mudirlər – bu tip müdirlər iclaslarda ancaq neqativlərdən danışır. Ancaq kimsə tənqid edilir, hər iclasda ˝ölürük, batırıq, siz kef edirsiniz, vecinizə deyil˝ və s. bu tip sözlər. Belə iclasların ruhuna öyrəşənlər üçün bu iclaslar bir müddətdən sonra heç narahatlıq da vermir işçilərə. Çünki onlar artıq öyrəşiblər ki, yaxşı heç nə deyilməyəcək, ona görə neqativi eşidə-eşidə alışıblar. Çox da ciddiyə almırlar, artıq. İclası ancaq neqativlərin üzərindən qurmaq olmaz, məhkəmə stilli iclaslar müsbət heç nə vəd etmir. Hər bir işçinin həm də səhv etmək haqqı vardır. İşçiləri səhv etməkdən qorxutmaq olmaz, səhvsiz iş olmaz. Səhviz iş heç edilməyən, görülməyən işdir. İclaslarda bir az pozitiv ab-havanın hakim olması vacibdir. ˝Qamçı-kökə˝ qanunu düzgün işlətməyi bacarmaq lazımdır.
Yazılanlar qayda, konstitutsiya deyil, təbii ki. Bildiklərimizi, gördüklərimizi paylaşırıq. Yuxarıda da milli iclaslarımızdan yazdıq. Sonda onu bildirim ki, şirkətdə elə ab-hava olmalıdır ki, işçi iclasa gedəndə ona yeni imkanların kəşfi üçün fürsət kimi baxsın, özünü ifadə edə bilmə, uğurunu bölüşmə məkanı kimi hiss etsin. İclasda məhkəmə qurmaq lazım deyil, amma bu o demək də deyil ki, tərəfsiz olasan. Ədalət tərəfsizlik deyil, haqqın tərəfini tutmaqdır. İclaslarda düzgün qərar vermək qədər, onun düzgün icrası da önəmlidir. Qərarın icrasının təqibi və işin gedişindən aktiv xəbərdar olmaq lazımdır. İşçilər arasında normal müzakirə mühiti formalaşdırmaq lazımdır. Səlahiyyət verməyi, verdikdən sonra isə işçini qorxutmamaq lazımdır. Həqiqətən də idarəetmək elmdən daha çox bacarıqdır. Ona görə də bacarmaq lazımdır.