Müəllif:Ayşən İmanova/Banco.az
Bu il Hindistan ilk dəfə olaraq ölkədə keçirilən IPO-ların həcminə görə Çini keçəcək və yalnız ABŞ-dən geri qalaraq dünyada ikinci yeri tutacaq.
Banco.az xəbər verir ki, bu barədə “Dealogic” analitik şirkətinin hesablamalarına istinadən “Financial Times” yazır.
Hesablamalara görə, il ərzində ABŞ-də IPO zamanı 42,4 milyard dollar toplanıb, Hindistanda isə bu rəqəm 18 milyard dollar təşkil edib. Bununla belə, 2023-cü ildə IPO həcminə görə birinci yeri tutan Çin (48,9 milyard dollar), bu il 7,5 milyard dollarla üçüncü yerdə qərarlaşıb.
İlkin kütləvi təkliflərin sayı cəhətdən də Hindistan birincidir – 310 IPO. Ondan sonra ABŞ (226), Cənubi Koreya (117) və Çin (84) gəlir. Hindistan Milli Fond Birjası həmçinin bu il NASDAQ (16,5 milyard dollar) və Nyu-York Fond Birjasını (15,9 milyard dollar) geridə qoyaraq yerləşdirmələrə görə (17,3 milyard dollar) dünya lideri olub.
2024-cü ildə Hindistanda ən böyük kütləvi yerləşdirmələr arasında avtomobil istehsalçısı “Hyundai Motor India” (3.3 milyard dollar) və onlayn qida çatdırılması xidməti “Swiggy”nin (1.4 milyard dollar) IPO-ları var.