Hesab.az və bank xidmətləri | Banco.az

Hesab.az və bank xidmətləri

Bu gün Hesab.az portalının ad gündür. Portalın təsisçisi olan Fərid İsmayılzadənin sözlərinə əsasən, üç il bundan əvvəl məhz bu gün portalda ilk test olmayan ödəniş həyata keçirilmişdir. Bu müddət ərzində portalda 110 minə yaxın üzv qeydiyyatdan keçmiş və 4,5 milyon dəfə daxil olaraq, 4 milyona qədər tranzaksiya həyata keçirmiş və 40 milyon AZN-ə qədər ödəniş edilmişdir. Qeydiyyatsız olaraq ödəniş edənlərin sayı isə bundan təxminən 30% daha çox olmuşdur.

“Bu ildən etibarən isə Hesab.az  ödəniş portalından elektron xidmətlər portalına çevrilməyə başlamışdır.

Belə ki, artıq 100-lərlə icbari sığorta (real həyatdakı endirimləri ilə birlikdə) məhz Hesab.az portalında satılmışdır. Bu həftədən etibarən isə portalın üzvləri öz səyahət sığortalarını da portal vasitəsi ilə əldə edə biləcəklər. Bu ildən elektron cüzdan, avtomatik ödənişlər, mobil tətbiqetmələr, Park Cinema biletlərinin satışı və bonusların yeni dəyişmə sistemi istifadəçilərin ixtiyarına veriləcək” – Fərid müəllim qeyd etmişdir.

“Biz inanırıq ki, Hesab.az sadəcə bir biznes deyil. O, təkcə istifadəçilərin həyatının rahatlaşdırılması və vaxta qənaət etmək üçün deyil. O, həm də ölkəmizdə nağdsız ödənişlərin stimullaşdırılması, insanlarda elektron xidmətlər vərdişinin yaradılması və nəhayət ölkəmizin inkişaf etmiş ölkələrdən birinə çevrilməsində az da olsa öz rolunu oynayır”, deyə Fərid İsmayılzadə qürurla bildirmişdir.

Qeyd edək ki, 3 il bundan öncə yaranan portal azərbaycanlı müştərilərə ölkədə yeni olan bir xidmət - vahid portaldan onlayn ödənişlər etmək imkanı təklif edirdi. Yəni, siz portalda bir dəfə qeydiyyatdan keçməklə, onun sizə təqdim etdiyi çoxsaylı ödəniş imkanlarından istifadə edirsiniz. İş yerindən, ofisdən, telefondan və ya noutbukdan ayrılmadan, istifadə etdiyiniz xidmətlərin haqqını ödəyirsiniz, portal fasiləsiz olaraq, 24/7 fəaliyyət göstərir.

Banco.az olaraq, bizə Hesab.az-ın daha çox bank əməliyyatları ilə bağlı təqdim etdiyi xidmətlə maraqlıdır. Buna görə də araşdırmamızı məhz bu aspekt üzərində qurmuşuq.

Beləliklə, Hesab.az-da hansı bank xidmətləri mümkündür?

Kredit ödənişləri

Siz Hesab.az portalı vasitəsilə aşağıda adları qeyd olunan bankların istehlak kreditlərini ödəyə bilərsiniz.

Unibank və Bank of Baku-nun müştəriləri kredit ödənişlərini Hesab.az portalı vasitəsilə etdikdə, müştərilərdən heç bir komisyon haqqı tutulmur.  AG Bank və AtaBankda bu komisyonlar ödədiyiniz məbləğin müvafiq olaraq 1,5% və 1,15% faizi həcmindədir.

Ən sərfəli kredit üçün müraciət et

FlexiCredi və EmbaFinans ilə əlaqə saxladıqda mütəxəssislər bildirdilər ki, onların hesabları Unibankda yerləşdiyi üçün  Hesab.az vasitəsilə kredit ödənişi etdikdə, müştərilərdən heç bir əlavə komisyon tutulmur.

Həmçinin AccessBank, Bank Standard, Bank Respublika və Yapı Kredi Bank Azərbaycan ilə da müqavilə imzalanıb. Növbəti 1 ay. ərzində həmin banklar ilə bağlı digər xidmətlər də aktiv ediləcək.

Ödəmək üçün “Bank və lizinq” bölməsində “Ödə” menyusunu seçirsiniz.

Əgər kredit hesablarınızı daha öncədən əlavə etmiş olsanız, onda müvafiq hesabı seçərək ödəniş edəcəksiniz. Əks halda, kredit hesabını əlavə etmək tələb olunur. Müvafiq bankı və ya kredit təşkilatının loqosu üzərinə klik edərək, oradakı hesabınızı əlavə edə bilərsiniz. (Bankdan asılı olaraq tələb olunan məlumatlar fərqli ola bilər: şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, şəxsiyyət vəsiqəsinin pin kodu, müştəri İD nömrələri, müqavilə kodu, hesab nömrəsi və s).

Hesab ilə bağlı məlumatlar yadda saxlanılır, hər dəfə onları təkrar daxil etmək zərurəti yaranmır.

Həmçinin Hesab.az portalı vasitəsilə kredit sifarişləri etmək mümkündür.

Kreditlərini sifariş edə biləcəyiniz banklar bunlardır:

Bank Standard, AccessBank, Turan Bank, Bank of Baku, AGBank, AtaBank, Unibank

Hesab.az da bonus qazanma imkanı: 

Kütləvi xidmətlər göstərən şirkətlərin xeyrinə ödənilən (Hesabların ödənişi modulu) hər 1 qəpiyə görə 1 bonus xalı, Bank xidmətləri modulunda ödənilən hər 1 AZN üçün isə 10 bonus xalı təqdim edilir. Sonra siz bu bonus xalları ilə hədiyyə qazanmaq imkanı əldə edirsiniz. 

Sonda, Hesab.az portalını bir daha uğurları və ad günü münasibəti ilə təbrik edirik, daha böyük nailiyyətlər qazanmasını diləyirik.

İdeyası olan və onu gerçəkləşdirməkdən çəkinən hər bir yenilikçi təşəbbüskara ürəkli olmağı və belə uğurlar əldə etməyi arzu edirik.

Könül Soltanova/Banco.az