"Həqiqi islam bankçılığı ölkəmizə lazımdır" | Banco.az

"Həqiqi islam bankçılığı ölkəmizə lazımdır"

Hüquqşünas, Əkrəm Həsənov: "Həqiqi islam bankçılığı ölkəmizə lazımdır".

Deyilənə görə Beynəlxalq Bank islam bankçılığı departamentini ləğv edib və fəaliyyətinin bu istiqamətinə xitam verib. Hesab edirəm ki, hər hansı yerli bankın Azərbaycanda islam bankçılığı ilə məşğul olması hüquqi cəhətdən mümkün deyil!

Bununla belə, həqiqi islam bankçılığı ölkəmizə lazımdır. Əvvəla, bu, iqtisadi cəhətdən zəruridir: həm xarici investisiyaların, həm də yerli sərmayələrin milli bank sisteminə cəlb edilməsi baxımından. Digər tərəfdən, islam bankçılığının leqallaşdırılması İŞİD kimi terrorçu qurumların fəallaşması fonunda dövlətimizin təhlükəsizliyinin də möhkəmlənməsinə xidmət edəcək (ən azı yerli dindarların vəsaitləri şəffaflaşacaq). Nəhayət, ən azı insan hüquqları nöqteyi-nəzərindən vətəndaşlarımıza seçim imkanı vermək lazımdır: kim istəyir ənənəvi bankla işləsin, kim istəyir islam bankı ilə. Söhbət yalnız müsəlmanlardan getmir. Sələmçilik islamla bərabər xristianlıq və yəhudilikdə də haram hesab olunur.

Ən sərfəli kredit üçün müraciət et

İslam bankçılığı yalnız müsəlman ölkələrində inkişaf etmir. Belə ki, məsələn, onun mövqeləri ilk növbətə İngiltərədə çox güclüdür. MDB-yə gəldikdə isə Qazaxıstan və Qırğızıstanda islam bankçılığı üzrə xüsusi qanunvericilik də var və bu sahə xeyli inkişaf edib.

Bu sahədə qanunvericilik olmasa, fəaliyyət də mümkün deyil! Bəs bizdə niyə belə qanunvericilik yoxdur? Cavab çox sadədir - bu sahəyə görə məsul olan şəxslərin şəxsi marağı yoxdur! 20 ildən çox Mərkəzi Banka rəhbərlik edən və onsuz da güzəranları xoş keçən şəxslərin nəyinə lazımdır iqtisadi zərurət, milli təhlükəsizlik, insan hüquqları və s. Özü də o kəslərin ki, hər şeydən faiz götürmək istəyirlər...

Ən sərfəli krediti almaq üçün müraciət et