Hədəflərinizə hələ də çatmamısınızsa, bunlara əməl etməlisiniz | Banco.az

Hədəflərinizə hələ də çatmamısınızsa, bunlara əməl etməlisiniz

Belə bir ənənə var — ötən ilin nəticələrini qeyd etmək və gələn il üçün yeni hədəflər qoymaq. Təəssüf ki, yalnız bəzi hallarda bu ənənə əhəmiyyət kəsb edir, çünki sadəcə yazmaqdan başqa məqsədləri reallaşdırmaq üçün heç bir addım atılmır.

“Work.ua” hədəflərinizin gündəliyinizdə sadəcə cızmaqara kimi qalmaması üçün necə hərəkətə keçməli olduğunuzu araşdırıb.

Nəticə çıxardın!

İllik planlarınız il ərzində həyata keçmirsə, bəlkə də, qeyri-real hədəflər qoyursunuz. Məsələn, aşağı aylıq gəlirlə bir mənzil və ya bir avtomobil almağı planlaşdırırdınız? Belə bir hədəf ancaq kənardan müdaxilə ilə həyata keçirilə bilərdi. Yəqin ki, möcüzələrə ümid edərək qarşınıza məqsəd qoymursunuz.

İlk əvvəl təhlil edin ki, hədəfləriniz, ümumiyyətlə, nə dərəcədə ağılabatandır. Gerçəklikdən uzaq olduğunu düşünürsünüzsə, belə planlardan imtina edin.

Yeni hədəfləri düzgün tərtib edin!

Ən sadə, etibarlı və anlaşıqlı metod “dədə-baba” metodu olan SMART sayılır:

Specific (konkret)

Measurable (ölçüləbilən)

Attainable (əlçatan)

Relevant (münasib)

Time-bounded (müəyyən zamana uyğun)

Misal göstərək. Bir halda ki, söhbət avtomobildən getdi, fərz edək ki, maşın almaq istəyirsiniz. Arzulanan avtomobilin qiyməti isə məsələn 30 000 manatdır. Və sizin aylıq qazancınız 300 AZN-dir. Yəni, ümumiyyətlə, yemək yeməsəniz, kommunal xərcləri ödəməsəniz və pal-paltar almasanız, 2,5-3 il bu planı təxirə salmalı olacaqsınız. Belə bir hədəfə çatmaq mümkündürmü? Yəqin ki, yox. Odur ki, belə hədəflərdən imtina edilməlidir.

Həmçinin oxu: Əmək məhsuldarlığını necə artırmaq olar?

Bəs onda nə yazacaqsınız?

Bunlar vazkeçilməz planlardırsa və avtomobil almaqdan imtina etmək niyyətində deyilsinizsə, qlobal hədəfinizi “Maşın Fondu” adlanan bir neçə kiçik hissəyə bölmək lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, maaşın bir neçə il ərzində ayda 300 AZN səviyyəsində qalacağını fərz edək (əlbəttə ki, bu məbləğ artacaq, lakin ən azı gələn il üçün minimumdan başlayaq). Bütün zəruri xərcləri və ödənişləri (yemək, mənzil, paltar, fitness, əlavə dərslər) bu məbləğdən çıxın. Nəticədə heç olmasa kiçik, amma həqiqi bir rəqəminiz olacaq. Alınan məbləği kiçik də olsa, “Maşın Fondu”nda saxlaya bilərsiniz. Təxminən 25 il səbir və əzmlə vəsait yığsanız, maşın ala bilərsiniz. Çoxdur, elə deyilmi? Elədirsə, imtina edək. İl ərzində 1000-2000 manat pul yığmaqla “qlobal” məqsədə çatmaq mümkün olmasa da bu məbləğ Türkiyə və ya Misirə səyahət etməyə kifayət edər. Bu ölkələri

görmək istəyirsiniz? Budur: Yaxşı, əlçatan, real, ölçüləbilən və əhəmiyyətli məqsəd. Bir il işləyirsiniz və istirahətə yollanırsınız, rəngarəng təəssüratlar əldə edirsiniz. Yaxud da maşın üçün pul toplayırsınız. Əmək haqqınızın artacağına və avtomobil qiymətlərinin düşəcəyinə ümid edərək...

Özünüzü adekvat qiymətləndirin!

Bir ilə sıfırdan italyan dilini öyrənmək istəyi çox iddialıdır. Və, çox güman ki, qeyri-realdır. Çünki, birincisi, konkret və ölçüləbilən deyil. Ancaq “ilin sonunacan italyan dilində bədii kitabı orijinalda (lüğətlə) oxuya bilmək” yazsanız, ağılabatan olar.

Ancaq bu hədəfi də mikro hədəflərə bölmək daha məqsədəuyğundur. İyun ayına qədər qrammatika ilə məşğul olmaq, internetdə testdən keçmək; dekabr ayınacan altyazılı bir film izləyib 80%-ni başa düşmək və s.

Hədəflərinizdən vaz keçməyin!

Hər şeyi atmaq və plan qurmağı tərgitmək ən rahat yoldur, lakin məntiqli seçim deyil. Plansız insan qaranlıq küçədə yolu tanımadan, hara gedəcəyini bilmədən gəzən insana bənzəyir.

Məqsədlərin qoyulması iş həyatında da əhəmiyyətlidir — özünüzü tonusda saxlayırsınız, peşəkar kimi inkişaf edirsiniz; şəxsi həyatda isə bir il əvvəl təsəvvür belə edə bilməyəcəyiniz şeyə nail ola bilərsiniz. Məqsədinə çatmaq təsvirolunmaz duyğudur. Sizə 2020-ci ilin şəxsi hesabatını tərtib edərkən nailiyyətlərinizə göz gəzdirib özünüzlə fəxr etməyi arzulayırıq!

Həmçinin oxu: İş yerində vulqar sözlərdən istifadənin ÜSTÜNLÜKLƏRİ

Nigar Umaxanlı, Finco.az