Hansı banklar üçün bağlanma təhlükəsi realdır? | Banco.az

Hansı banklar üçün bağlanma təhlükəsi realdır?

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından 6-sı Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbini (50 milyon manat) yerinə yetirməyib. Bunlar İran və Pakistan Milli Banklarının Bakı filialları, “Naxçıvanbank”, “Azərbaycan Kredit Bankı”, "Yunayted Kredit bank" və “Eurobank” dır.

1. “Azərbaycan Kredit Bankı” - 5,8 milyon manat

Azərbaycan Mərkəzi Bankının tələbini nəzərə alanda məcmu kapitalla bağlı ən pis vəziyyət  “Azərbaycan Kredit Bankı”ndadır. Hazırda bankın nizamnamə kapitalı 11,5 milyon manat, məcmu kapitalı isə 5,8 milyon manatdır. Başqa sözlə, bazarda qalmaq üçün bank məcmu kapitalını 44 milyon manat artırmalıdır. Bu göstərici onu bağlanmaq üçün 1 nömrəli namizədə çevirib. Doğrudur, “Azərbaycan Kredit Bankı”N səhmdarlarının dekabrın 15-də keçirilən toplantısında bankın bazarı tərk etməməsinə, lazım olan vəsaitin istənilən yolla cəlb edilməsinə də qərar verilib.

Həmin iclasda bankın rəhbərliyi də dəyişib - Müşahidə Şurasına yeni rəhbər təyin olunub. Əvvəl “Bank BTB”-nin İdarə Heyətinin sədri vəzifəsində çalışan Emil Rzayev bankın Müşahidə Şurasının sədri seçilib. Rəhbərliyin dəyişməsi və bazarda qalmaq qərarı bankın bağlanmayacağı təəssüratı yaratsa da, kapital probleminin necə həll olunacağı hələ ki, məlum deyil.

2. “Eurobank” - 7,5 milyon manatdır

AMB-nin tələbləri səbəbindən bağlanmağa namizəd olan ikinci bank bank sektorunda fəaliyyəti bir o qədər hiss olunmayan “Eurobank”dır. Bankın məcmu kapitalı 7,5 milyon manatdır, bazara qalmaq üçün 42,5 milyon manat cəlb etməlidir. Bir qədər əvvəl bankdan fins.az-a verilən məlumata görə, bank kapitalını 50 milyon manata çatdırmaq üçün kənar investor cəlb etməyi planlaşdırır.

Həmin investor bankın səhmlərinin 85%-nə sahib olmalıdır. Amma ilin sonuna 2 iş gününün qaldığı bir vaxtda bununla bağlı hələ ki, konkret addım atılmayıb.

3. Pakistan Milli Bankının Bakı filialı - 10,2 milyon manat

Azərbaycanda bağlanmaq təhlükəsi olan bankların "qara siyahı"sına tamamilə gözlənilmədən Pakistan Milli Bankının Bakı filialı da düşüb. Burada kapitalla bağlı vəziyyət daha pisdir - filialın məcmu kapitalı cəmi 10,2 milyon manat civarındadır. Doğrudur, bir neçə gün əvvəl bu göstərici filial üçün qorxulu sayılmırdı.

Bankdan fins.az-a bildirilmişdi ki, kapital məsələsi həll ediləcək və hazırda bu məsələ ilə bağlı iki ölkənin hökumətləri arasında danışıqlar aparılır: “Bu filial Azərbaycanla Pakistan arasında yüksək səviyyəli iqtisadi münasibətlər çərçivəsində fəaliyyət göstərir. Yəgin ki, kapital problemi tezliklə həll ediləcək. Pakistan Milli Bankının nizamnamə fondunda 1 milyard dollardan artıq vəsait var. 40 milyon manat bura yönəltmək çətin olmayacaq”.

Ən sərfəli kredit üçün müraciət et

Amma son məlumatlar bankda vəziyyətin gərgin olduğunu göstərir. Filialın baş menecerinin müavini Sahib  Quliyev fins.az-a bildirib ki, filialın kapitalının artırılması ilə bağlı Azərbaycan Mərkəzi Bankına göndərilən sorğuya indiyədək cavab gəlməyib. Pakistan Milli Bankının özündə də filialın kapitalının artırılması ilə bağlı son qərar hələ verilməyib. Buna görə də, 2015-ci il yanvarın 1-dən sonra bankın statusunun necə olacağı məlum deyil. Hərçənd ölkələr arası münasibətləri nəzərə alsaq, vəziyyətdən çıxış yolunun tapılacağı istisna deyil.

4. “Yunayted Kredit Bank” – 37,3 milyon manat

Azərbaycan Mərkəzi Bankının kapital tələbi ilə bağlı problemi olan banklardan biri - “Yunayted Kredit Bank”ın isə nizamnamə kapitalı 39,8 milyon manat, məcmu kapitalı isə 37,3 milyon manatdır. Bank tədricən bu rəqəmi 50 milyon manata çatdırır. Təkcə son 3 gündə səhm emissiyası hesabına bankın kapitalı 10 milyon manat artırılıb. Amma kapitalını lazım olan həddə çatdırmaq üçün “Yunayted Kredit Bank” əlavə 12,7 milyon manat lazımdır.
Bankın özündə məsələyə optimist yanaşırlar. Buradan fins.az-a verilən məlumata görə, ilin sonuna qədər səhm emissiyası hesabına bankın məcmu kapitalının 50 milyon manata çatdırılması planlaşdırılır. “Təsisçinin xaricdə maliyyə vəsaitləri, daşınmaz əmlakı var. Yaxın günlərdə bu məsələ həll olunacaq” – deyə bankdan bildirilib.

 

5. İran Milli Bankının Bakı filialı - 39 milyon manat

Son məlumata görə, İran Milli Bankının Bakı filialının məcmu kapitalı 39 milyon manatdır. Bankdan fins.az-a bildirilib ki, qurum filial formasında fəaliyyət göstərdiyi, yəni səhmdar cəmiyyət olmadığı üçün kapitalın artırılması prosesi digər banklarla olduğu kimi, səhm emissiyası hesabına baş vermir. Bankın Tehrandakı baş ofisi kapitalı adi qaydada artırıb və dekabrın sonuna kimi filiala daha 11 milyon manat pul qoyulacaq. Başqa sözlə, əgər bir problem yaranmasa, İran bankı kapital məsələsini ilin sonunadək həll etməlidir.

6. “Naxçıvanbank” - 42 milyon manat

Kapital problemi olan digər yerli banklarla müqayisədə, Azərbaycanın ikinci regional bankı olan “Naxçıvanbank”ın vəziyyəti xeyli yaxşıdır. Məcmu kapital 42 milyon manat ətrafındadır. Bankın İdarə Heyətindən fins.az-a verilən məlumata görə, yaxın günlərdə səhm emissiyası hesabına kapital 50 milyon manata çatdırılacaq. Bunu, tələb olunan məbləğin azlığını və ümumilikdə regional bankların sayının az olduğunu nəzərə alanda güman etmək olar ki, "Naxçıvanbank" kapital problemini həll edəcək və onun bağlanması gündəliyə gəlməyəcək.

fins.az