2014-cü ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 252,3 milyon dollar dəyərində 16,8 min minik avtomobili ixrac olunub. Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin 2014-cü ilin yanvar-noyabr aylarının yekunları üzrə hesabatında deyilir.
Göstərilən dövrdə Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 50,9 faiz təşkil edib. Xidmətin məlumatına əsasən, ölkənin bu kateqoriyadan olan ümumi ixracında isə Azərbaycanın xüsusi çəkisi 49,4 faiz təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi 31,8 faiz (dəyər baxımından), say nisbətində isə 24,4 min ədəd (56,2 faiz) azalıb. Müqayisə üçün bildirək ki, 2013-cü ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 369,82 milyon dollar həcmində 41,16 min avtomobil ixrac edilmişdi.
Ölkəyə avtomobil idxalının azalması Azərbaycanın tətbiqinə cari ilin aprel ayının 1-dən başlanılan Avro-4 ekoloji standartına keçidi ilə izah edilir. Avro-4-ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır.
Avtomobillər Gürcüstana xaricdən gətirilir.
2014-cü ilin yanvar-noyabr aylarında Gürcüstanın ixracatının 19,4 faizi Azərbaycanın payına düşüb. Bu dövrdə Gürcüstandan Azərbaycana 510,7 milyon dollar dəyərində məhsul ixrac edilib. Azərbaycana ixracat ötən ilin analoji dövrünə nisbətən 21 faiz azalıb. Müqayisə üçün: ötən ilin ilk 11 ayında Azərbaycana 646,75 milyon dollar dəyərində Gürcüstan məhsulları ixrac edilib.
Azərbaycan Gürcüstana məhsullarını ixrac edən ölkələri siyahısında birinci yeri tutur.
trend.az