Müəllif: Tamara Mustafayeva, Banco.az
Eyni anda həm əylənmək, həm də sağlamlığınıza müsbət təsir göstərmək istəyərdinizmi? Elə isə etməli olduğunuz yeganə şey ürəkdən gülməkdir desək, bəlkə də inanmayacaqsınız. Ancaq gülməyin faydaları elmi araşdırmaların nəticələri ilə də təsdiq edilib. Bəs gülmək hansı faydalar gətirir? İnsanın ruhuna və orqanizminə hansı müsbət təsirləri var?
Banco.az bugünkü məqalədə bu sualların elmi nəticələrini sizinlə bölüşür.
1. Qan təzyiqini aşağı salır
2017-ci ildə bir qrup tədqiqatçının ürəkdən gülməyin qan təzyiqini aşağı salıb salmayacağını araşdırmaq üçün həyata keçirdiyi layihədə hemodializ tətbiq edilən 40 pasientə səkkiz həftə ərzində 30 dəqiqəlik gülməli videolar izlədilmiş və onların qan təzyiqinin aşağı düşdüyü müşahidə edilmişdir. Yuxarı təzyiqin stressin ən təhlükəli nəticələrindən biri olması yanaşı ürəklə bağlı xəstəliklərin yaranma riskini artırdığını da nəzərə alaraq bacardıqca gülümsəməyə çalışmalıyıq.
Qeyd: Hemodializ — böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan artıq maddələrin, azot qalıqlarının və mayenin xaric edilməsi üsuludur.
2. Stress və narahatlığı azaldır
Yazıçı Bernard Saper psixoloji məqalələrinin birində yumor hissini qorumağın və gülmə bacarığının hər hansı bir insanın çətin vaxtlardan çıxması üçün əvəzsiz üsul olduğunu vurğulayır.
3. İmmuniteti gücləndirir.
Xüsusilə də xəstəliklərin çoxaldığı soyuq aylarda gülməyin bu faydasını yoxlamaq yerinə düşər. 2015-ci ildə həyata keçirilən bir araşdırmada “Gülmə Terapiyası”ndan sonra immunoqlobulin səviyyəsinin artdığı müəyyən edilib.
4. Təbii antidepressantdır.
2017-ci ildə Koreyada həyata keçirilən araşdırmada uzun müddət xəstəxanada qalmalı olan 42 pasientin üzərində “Gülmə Terapiyası”nın təsirləri analiz edilib. Nəticələr ümidverici idi.
Belə ki, pasientlərə 8 həftə ərzində həftədə iki dəfə 40 dəqiqə olmaqla “Gülmə Terapiyası” tətbiq edilib. Nəticədə pasientlərin stress və narahatlıq səviyyəsində yaxşılaşma, əhval-ruhiyyələrinin müsbətə dəyişməsi ilə yanaşı, yuxu rejimlərində də irəliləyiş aşkar edilib.
5. Daha yaxşı nəfəs almağa kömək edir.
Ürəkdən gülmək idman hərəkətləri ilə məşğul olduğumuz anlardakı kimi ürək döyüntüsünün ritmini, sürətini və oksigen sərfiyyatını artırır. International Journal of Humor Research tərəfindən 2009-cu ildə aparılan araşdırmaya görə, 1 saat idmanla məşğul olmağa vaxtınız yoxdursa, əvəzində 30 dəqiqə ürəkdən gülə bilərsiniz.
6. Kalori yandırmağa da kömək edir.
Çəki itirmək istəyənlər üçün gülməyin ən mühüm faydası kalori yandırmağa da kömək etməsidir. International Journal of Obesity tərəfindən yayımlanan bir araşdırmanın icrası üçün 45 nəfəri iki qrupa ayırıblar. Birinci qrupa təqribən 10 dəqiqə ərzində qəhqəhə ilə gülməyi hədəfləyən müvafiq videolar, digər qrupa isə başqa tərzdə videolar izlədilib. Nəticədə birinci qrupdakı insanların hər 10 dəqiqədən bir 10 kalori yandırması məlum olub.
7. Gülmək ağrını da yükgülləşdirir.
Gülməyin faydaları arasında müəyyən ağrıları azaltması da xüsusi vurğulanmalıdır. 14-cü əsrdə fransız cərrah Henri de Mondeville xəstələrinin əməliyyat zamanı ağrılarını azaltmaq və daha tez sağalmalarını təmin etmək üçün yumor bacarığından istifadə edirdi.
Yekunda qeyd edək ki, tarixin hansı mərhələsində həyata keçirilməsindən asılı olmayaraq bütün araşdırmalar deyir ki, həyatınız boyunca daha çox gülməlisiniz. Çünki gülmək şəfadır.
Bizi sosial şəbəkələrdən izləyin!!