Tamara Mustafayeva, Banco.az
Google şirkəti məşhur xidmətlərindən biri olan Google Xəritələrə (Google Maps) istifadəçiləri pandemiya barəsində xəbərdarlıq edən yeni funksiyalar əlavə edib.
Bilindiyi kimi, 2020-ci ilin ilk günlərindən bəri dünyanın əsas gündəm mövzusu olan koronavirus pandemiyası səbəbilə əksər ölkələr sərt tədbirlər görməyə məcbur olmuşdu.
İnsanların kütləvi şəkildə toplaşdığı məkanlara girişin qadağan edilməsi, səyahətlərin dayandırılması kimi tədbirlər bunlara misal ola bilər. Son günlərdə isə bir çox ölkədə normallaşma prosesi çərçivəsində bu tədbirlərin bir qismi yumşaldılmağa başlandı. Belə ki, bəzi ölkələr artıq sərhədlərini açdıqlarını elan ediblər. Texnologiya nəhəngi Google şirkəti də Xəritələr tətbiqinə istifadəçi məmnuniyyətini artıracaq yeni funksiyalar əlavə edib.
Sözügedən funksiyaya görə, ictimai nəqliyyat vasitələrində səfər edərkən qoruyucu maska taxılmasını zəruri edən bir hal varsa, tətbiq istifadəçiləri bununla bağlı xəbərdar edəcək.
Bu xəbərdarlıqların reallaşması üçün lazımi informasiyalar yerli mənbələr və dövlət qurumları tərəfindən təmin ediləcək. Şirkət yeni funksiyanı ilk olaraq Argentina, Avstraliya, Belçika, Braziliya, Kolombiya, Fransa, Hindistan, Meksika, Hollandiya, İspaniya, Tayland, Birləşmiş Krallıq və ABŞ-dakı istifadəçilərin ixtiyarına verəcək. Növbəti günlərdə isə daha çox ölkədə funksiyanın tətbiq edilməsi planlaşdırılır.
Şirkət həmçinin ictimai nəqliyyat vasitələrindən istifadə edəcək insanlara daha çox yardım etmək məqsədilə yeni addımlar da atır. Belə ki, şirkət daha əvvəl Xəritələr tətbiqində ictimai nəqliyyat vasitələrindəki sıxlığın dərəcəsini göstərməyə başlamışdı. Google hazırda bu funksiyanı daha da təkmilləşdirmək üçün işlər görür.
Həmçinin oxu: Covid-19 Google şirkətinin gəlirlərinə necə təsir göstərdi?
Bizi sosial şəbəkələrdən izləyin!!