Müəllif - Eldar Kərimov/Banco.az
Goldman Sachs analitiklərinin proqnozuna görə, 2025-ci ilin sonuna qədər qızılın unsiya qiyməti 3,1 min dollara qədər bahalaşa bilər. Bu artım mərkəzi bankların qızıl alışı və qızılla təmin olunmuş ETF-lərə (birja fondlarına) kapital axını ilə əlaqələndirilir.
Banka görə, mərkəzi bankların aylıq alış həcmi orta hesabla 50 tona çata bilər, bu da əvvəlki qiymətləndirmələrdən yüksəkdir.
Ekspertlər qeyd edirlər ki, iqtisadi siyasətlə bağlı qeyri-müəyyənlik, o cümlədən idxal rüsumları məsələsi davam edərsə, qızılın qiyməti 3,3 min dollara qədər yüksələ bilər. Bu isə bir il ərzində 26%-lik artım deməkdir (Bloomberg-in hesablamalarına əsasən).
Bu il qızılın qiyməti davamlı olaraq yüksəlir və tarixi rekordlar yenilənir. Bunun əsas səbəbləri arasında mərkəzi bankların alışlarının artması, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltması və ABŞ prezidenti Donald Trampın idxal rüsumları ilə bağlı bəyanatlarının investorları narahat etməsi göstərilir.
Daha əvvəl, fevral ayında Citigroup analitikləri qızılın üç ay ərzində 3 min dollara qədər bahalaşa biləcəyi proqnozunu vermişdilər. Onlar bunu geosiyasi gərginlik və Trampın ticarət müharibələrini qızışdırması nəticəsində təhlükəsiz aktivlərə olan tələbin artması ilə əlaqələndirirdilər.
Son bir ildə qızılın qiyməti 44% artıb və hazırda 2,9 min dollardan yuxarı səviyyədə ticarət olunur.