“General Motors” 6 milyard dollarlıq səhmlərini geri alır | Banco.az

“General Motors” 6 milyard dollarlıq səhmlərini geri alır

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-ın “General Motors” avtomobil korporasiyasının direktorlar şurası 6 milyard dollar dəyərində səhmlərin geri alınması proqramını (buyback) təsdiq edib.

Banco.az xəbər verir ki,bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şirkət keçən ilin noyabrında da 10 milyard dollarlıq alış elan edib. Bundan əlavə, əvvəllər elan edilmiş səhmlərin geri alınması proqramının bir hissəsi kimi 1.4 milyard dollar istifadə olunmamış qalıb.

Hesabatda qeyd olunur ki, 2024-cü ilin birinci rübündə şirkət 300 milyon dollarlıq qiymətli kağız alıb və qalan 1.1 milyard dolları ikinci rübün sonuna qədər istifadə etməyi planlaşdırır.

Bundan əlavə, “General Motors” rüblük dividendlərini üçdə bir artıraraq, hər səhmə görə 9 sentdən 12 sentə yüksəlib.

Nəticədə şirkət indi 2024-cü ilin birinci yarısında səhmdarlara 1.7 milyard dollar qaytarmaq niyyətindədir. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə ödənişlər 11.6 milyard dollar, 2022-ci ildə 2.8 milyard dollar olub.

Son 12 ayda “General Motors”un bazar dəyəri 28.5% (54.3 milyard dollara qədər), S&P 500 fond indeksi isə 22.2% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram