“Exo” qəzeti tərəfindən gəlirlərin ən çox nəyə sərf olunduğunu müəyyən etmək məqsədilə sorğu keçirilmişdir. Sorğuda iştirak edən şəxslərin 60%-i ərzaq məhsullarına, xüsusilə spirtli içki və siqaretə daha çox vəsait ayırdıqlarını qeyd etmişlər. Onlardan 23%-i kommunal xərclərin, 5%-dən çoxu təhsil və əyləncənin, 2%-i tibbi xidmətlərin və geyimin, 3% isə digər xidmətlərin daha çox məsrəf tələb etdiyini qeyd etmişlər.
Qeyd etmək lazımdır ki, bu nəticələr müəyyən dərəcədə Dövlət Statistika Komitəsi tərəfindən təsdiqlənir. 2013-cü ilin yanvar-noyabr ayları üzrə Dövlət Statistika Komitəsi tərəfindən verilən rəsmi məlumatlara görə, əhalinin gəlirləri əvvəlki ilin analoji göstəricisi ilə müqayisədə 7.9% artaraq 32.3 milyard manat təşkil etmişdir. Azərbaycanın hər bir vətəndaşının gəliri cari dövrdə 3471 manat və ya ay ərzində 315 manat təşkil edir. Bundan əlavə, məlumatda qeyd edilir ki, əhali gəlirlərinin 68%-i (22 milyard manat) istehlak ehtiyaclarına, 9%-i vergi, sosial sığorta və könüllü üzvlük haqlarına, 1.8%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 21.2%-i isə əmanətlərə sərf olunur.
Davamlı İnkişafın Tədqiqi Mərkəzinin sədri Nəriman Ağayev “Exo” qəzeti tərəfindən təşkil edilən sorğu nəticələrini şərh edərkən bildirmişdir ki, insanlar gəlirlərinin böyük hissəsini istehlak ehtiyaclarının qarşılanmasına sərf edirlər və ümumilikdə, sorğunun nəticəsi həqiqətə uyğundur. “Lakin bu göstərici yalnızca gəliri 400-500 manatdan çox olmayan əhali təbəqəsinə şamil olunur. Gəlirlər artdıqca göstəricilər dəyişir. Bu təbəqəyə daxil olan insanlar gəlirlərinin 60%-ni istehlak ehtiyaclarına sərf etdikləri halda, zəngin təbəqədən olan insanların kommunal və istehlak xərcləri ilə müqayisədə, istirahət xərcləri daha yüksək olur.”
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirmişdir ki, əhalinin gəlir səviyyəsində həqiqətən də artım müşahidə olunur. Buna baxmayaraq, istehlak xərcləri də artmaqda davam edir. “Xərclər və gəlirlər paralel olaraq artmaqdadır. Rəsmi statistika bu fikri təqzib etsə də, Dövlət Statistika Komitəsi tərəfindən verilən məlumatlara görə, əhali gəlirlərinin 68.5%-ni istehlaka sərf olunur. Halbuki 2012-ci ildə bu göstəcisi 61% təşkil edirdi. İstehlak kreditlərinin artması əhali xərclərinin artımından xəbər verir. Əhali öz cari xərclərini ödəyə bilmədiyi üçün istehlak krediti götürmək məcburiyyətində qalır. Gəlirlər artsa da, bu artım göstəricisi xərclərin artım tempini üstələyə bilmir.”
Banco.az / Sevinc İbadova