Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2024-cü ildə Azərbaycanda dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna 100 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Banco.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunun 87,7 milyon manatı əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün, 12,3 milyon manatı isə sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi üçün ayrılacaq.
Ekspertlər deyir ki, 2024-cü ildən ölkədə minimum ehtiyac meyarının 270 manat olacağını nəzərə alsaq o zaman bir çox ailələr üçün ipoteka kreditlərinə əlçatanlığı azala bilər.
Vəziyyəti Banco.az-a şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də təsdiq etdi ki, növbəti ildən mənzil almaq bir qədər çətinləşə bilər:
“Məlum olduğu kimi, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat, minmum ehtiyac meyarı isə 270 manat məbləğində müəyyən edilib.Bunun müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləridə var. Gələn il ipoteka krediti ilə mənzil alan şəxslər ücün ailədəki işləməyən şəxslər və uşaqlar ücün minimum yaşayış və ehtiyac meyarı yeni qaydalarla hesablanacaq. Bu da ailənin mənzil sahibi olması üçün daha yüksək büdcəyə malik olması düməkdir. Ümumiyyətlə, düşünürəm ki, 2024-cü il ipoteka krediti ilə mənzil almaq bir çox insan üçün mümkün olmaya bilər”.
2023-cü ilin III rübündə mənzil bazarında qiymətlər 2022-ci ilin III rübünə nisbətən 10.1 faiz bahalaşıb. Cari ilin III rübündə ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.8 faiz, təkrar mənzil bazarında isə 10.1 faiz artıb. Sürətlə bahalaşan mənzil bazarındakı bu vəziyyətə səbəbin paytaxt ərazisində torpaq sahələrinin az olması ilə əlaqələndirən ekspert qeyd etdi ki, əvvəlki illərdə tikinti şirkətləri torpağın bir sotunu təxminən 25-30 min manata alırdılarsa, hazırda bu qiymətlər 70-150 min manat arasında dəyişir:
“Hazırda 25-30 min kvadrat metrlik tikintinin aparılması üçün təxminən bir hektar torpaq sahəsi lazımdır. Yeni tikilən binalarda köhnə binadan olan mənzil sahiblərinə daha geniş təmirli mənzillər verilsə də bu vəziyyət tikintinin maya dəyərinə təsir edir. Nəticədə, həmin binalarda satılan mənzillərin satış qiyməti artır. Köhnə binalar isə istismar müddətini başa vurduqlarına görə onlar ipoteka predmetinə çevrilə bilmirlər. Amma həmin köhnə binada mənzil satanlar da yaxşı bilir ki, bina sökülən zaman onların qiymətində artımlar olacaq. Bu baxımdan da, daha baha qiymətə mənzillərini satmaşa çalışırlar. Hazırda mənzil bazarında qiymət artımının birinci səbəbi torpaq sahələrinin qıtlığıdırsa, ikinci səbəb köhnə binaların söküntü ehtimalının olmasındadır”.
Ekspertlər hesab edir ki, 2024-cü ildə cari ilə nisbətən ipoteka kreditinin həm say, həm həcminin artırılması ipoteka ilə mənzil satışının həcminin azalmasına gətirib çıxara bilər. Vəziyətin daha da çətinləşməməsi üçün öncədən xüsusi addımların atılmasına ehtiyac var.
Bizi sosial şəbəkələrdən izləyin!!