Gecikdirilmiş kreditlər üçün cərimə nə qədərdir? | Banco.az

Gecikdirilmiş kreditlər üçün cərimə nə qədərdir?

Pula ehtiyac yarandığı zaman ilk üz tutduğumuz yerlərdən biri də banklardır. Kredit götürməklə ehtiyacımız olan məbləği ödəməyə çalışırıq.

Banklar isə kredit verən zaman bir sıra tələblər irəli sürür, bu tələbləri ödədikdə isə bizə kredit verməyə razılaşırlar.

Lakin, bəzən bir sıra tərsliklər baş verə bilir və biz bizdən asılı olan və ya olmayan səbəblərdən kredit ödənişimizi gecikdiririk. Banklar isə müəyyən gündən sonra hər gecikdirilmiş gün  üçün ödənişimizin üzərinə cərimə faizi əlavə edir və biz ödənişimizlə bərabər cərimə faizlərini də ödəməli oluruq.

Onu da deyək ki, cərimələr əsasən ödəniləcək əsas məbləğdən hesablanır, yəni götürdüyünüz borc üçün ödəməli olduğunuz faizdən cərimə faizi hesablanmır.

Hər bank isə gecikdirilmiş günlərə görə müxtəlif faiz dərəcəsi ilə cərimə hesablayır. Biz isə sizlər üçün bankların cərimə faizlərini araşdırdıq və bu cərimələr nağd pul kreditlərinə aiddir.

Bankların gecikdirilmiş günlər üçün cərimə faizləri aşağıdakı kimidir:

AccessBank.

 Ödəniş günündən sonra növbəti gündən başlayaraq hər gecikdirilmiş günə görə qalıq məbləğin 0,1%-i həcmində cərimə faizi əlavə olunur.

AFB Bank.

Gecikməyə düşdüyünüz gündən etibarən gecikmə məbləğindən günlük 0.11 % cərimə tutulur.

Amrahbank.

Əgər bu bankdan kredit götürmüsünüz və ödənişləri gecikdirmisinizsə bu zaman siz ödəniş olunmalı günün növbəti günündən etibarən gecikən məbləğin əsas hissəsindən 0,027% cərimə ödəməlisiniz. Bu illik olaraq 10% dərəcəsində müəyyən olunur.

Atabank.

Əgər bu bankdan götürdüyünüz nağd pul kreditini gecikdirmisinizsə  o zaman kreditiniz üçün müəyyən olunmuş faizin eyni həcmində illik faiz dərəcəsi ödəməli olacaqsınız. Yəni, məsələn əgər sizin nağd pul kreditinizin faiz dərəcəsi 22%-dirsə siz gecikmiş günlərə görə də əlavə olaraq illik 22% ödəməli olacaqsınız ki, bu da əsas məbləğdən hesablanır. Günlük faiz dərəcəsi isə 22/360% dərəcəsində müəyyənləşəcək. Gecikmə üçün cərimə gecikmə günündən etibarən 3 ay sonra hər gecikmə günü üçün hesablanır. Qeyd edim ki, 22% nümunə üçün götürülmüş hər hansı faiz dərəcəsidir və bubub yerinə müxtəlif faiz dərəcəsi ola bilər.

Bank BTB.

Gecikmənin 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5%-i məbləğində gündəlik cərimə hesablanır.  

Bank of Baku.

Müqavilədən asılı olaraq 3-cü və ya 6-cı gecikmə günündən etibarən hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas borc məbləğinin 1%-i (min 0,50 AZN/USD) cərimə kimi hesablanır.

Bank Respublika.

Gecikdirilmiş gündən etibarən hər gün üçün 1% aylıq ödəniləcək əsas borcun üzərinə hesablanır. 

Bank Silk Way.

Bu bankın nağd kreditlərində isə illik cərimə faizi kredit üçün ödədiyiniz faiz ilə eynidir, məsələn, əgər kredit üçün faiz dərəcəniz 22%-dirsə cərimə faizinizdə illik 22% olacaqdır. Beləliklə, illik cərimə faizini 360-a bölməklə günlük cərimə faizini tapa bilərsiniz. Qeyd edək ki, cərimə gecikmə günündən etibarən gecikən məbləğdən hesablanır.

Ən sərfəli kredit üçün müraciət et

Beynəlxalq Bank.

7 təqvim gündən başlayaraq, hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin 1%‑i (minimum 1 AZN) miqdarında cərimə hesablanır.

Caspian Development Bank.

Hər gecikdirilmiş gün üçün gecikdirilmiş gündən etibarən 0,16% dərəcəsində cərimə hesablanır.

Dəmirbank

Bu bankın da nağd pul kerditlərində illik gecikmə faizi götürdüyünüz kreditin faizinə bərabərdir, eynən bayaq dediyimiz kimi 360-a bölünməklə günlük faiz dərəcəsi müəyyən olunur.

Expessbank

Götürdüyünüz nağd pul kreditinin faiz dərəcəsi həcmində əlavə olaraq illik cərimə faiz dərəcəsi tutulur ki, bu da ödəniləcək əsas məbləğdən  hesablanır. Günlük cərimə faizi isə bu faizin 360-a nisbətinə bərabərdir.

Günay Bank.

Gecikmə üçün cərimə hesablanmır, yalnız gecikmə günündən etibarən kreditinizin faiz dərəcəsi artırılır.

Kapital Bank.

 Gecikmənin 3-cü günündən etibarən gecikdirilmiş əsas borc məbləğinə hər gecikdirilmiş günə görə məbləğin 0,6%-i həcmində cərimə hesablanır. Cərimə məbləği müştərinin gecikdirilmiş aylıq əsas borc məbləğinə tətbiq olunur.

Nikoil Bank.

Ödəmə günündən sonrakı gündən etibarən gecikdirilmiş əsas məbləğdən 0,5% cərimə hesablanır.

Rabitəbank.

Ödəniş günündən sonra 10 gün ərzində hər gecikdirilmiş gün üçün 0,1%, 10 gündən sonra isə hər gecikdirilmiş gün üçün 1% olmaqla ödəniləcək əsas məbləğdən cərimə faizləri hesablanır.

Unibank.

Hər gecikdirilmiş gün üçün ödəniləcək əsas məbləğdən 1% cərimə faizi hesablanır və ödəniləcək məbləğin üzərinə əlavə olunur.

VTB Bank Azərbaycan.

 Gecikdirilmiş günə görə ödəniləcək əsas məbləğin hər 10 manatı üçün 0,05 man. cərimə hesablanır.

Xalq Bank.

 Gecikmə bir ay sonra qeydə alınır ki, illik cərimə faizi 15% nəzərdə tutulur. Bu isə hər gecikdirilmiş gün üçün 0,04% təşkil edir.

Yapı Kredi Bank Azərbaycan.

 Gecikmə faizi ödəniş günündən sonra növbəti gündən etibarən hesablanır. İllik cərimə faizi 40% təşkil edir, bu isə hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğdən 0,11% cərimə deməkdir.

Bu cərimələri ödəməmək üçün çalışın ödənişlərinizi gecikdirməyəsiniz.

Qeyd edək ki, bu məlumatlar banklarla əlaqə saxlanılaraq toplanmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et