Əksər insanlar saat doqquzdan altıya qədər olan iş qrafikində çalışır. Bəzi insanlar isə növbəli qrafikə əsasən işləyirlər. Belə işin isə bir sıra çətinlikləri mövcuddur.
Çətinlik № 1 — Yuxunuz gəlir
Gecələr bir insanın yatmaq istəməsi tamamilə təbii haldır, ancaq həmin anda iş başındasınızsa, bu istəyi reallaşdırmaq çox çətindir. Yuxululuq vəziyyətini aradan qaldırmağın bir neçə yolu var:
İş növbənizə qədər yuxunuzu alın. Bu, daim gecə növbəsində işləyən və bəzən sutkanın qaranlıq vaxtı növbətçi qalan əməkdaşlar tərəfindən sınanmış üsuldur.
Fəaliyyətinizi aktivləşdirin və maksimum iş tapşırıqlarını yerinə yetirin. Bir yerdə oturmasanız və beyninizin “sönməsinə” icazə verməsəniz, yuxuya getməyəcəksiniz.
Sizi gümrahlaşdıracaq içki hazırlayın, qreypfrut yeyin, ovuclarınıza kontrast duş tətbiq edin və s.
Çətinlik № 2 — fikrini cəmləmək alınmır
Bu çətinlik yuxululuğun bir təzahürüdür. Əvvəlki metodlar yatmaq istəyinizin öhdəsindən gəlməyə bir az kömək edirsə, ola bilər ki, konsentrasiya ilə bağlı çətinliklər də aradan qalxsın.
Əgər effektiv deyilsə, onda gecə işə fokuslanmağın təsirli yolunu tətbiq edin: fikrinizi yayındırın. Bəli, qəribə səslənir, lakin beyinin dincəlməsinə şərait yaratmalısınız. Həmkarlarla 15 dəqiqə söhbət edin və ya sadəcə musiqi dinləyin. Beləcə fikrinizi cəmləmək və işə başlamaq daha asan olacaq.
Həmçinin oxu: Mənəvi və fiziki cəhətdən tükənməyin qarşısını necə almaq olar?
Çətinlik № 3 — darıxırsınız, kədərli və tənhasınız
İşçilərin əksəriyyəti ənənəvi gündüz cədvəlinə uyğun olaraq fəaliyyət göstərdikləri üçün otelin gecə meneceri, anbar işçisi, həkim, 24 saatlıq aptekdə işləyən əczaçı, mühafizəçi, ofisiant, taksi sürücüsü, dəstək xidməti operatoru, 24 saatlıq supermarketdə işləyən satıcı-kassir üçün çətin ola bilər.
Gecə növbəsində işləyən həmkarlarınızla ünsiyyət qurun. Ortaq maraq və hobbi tapın, iş fasilələrini bu şəkildə dəyərləndirin. Əgər iş yerində təksinizsə, internet köməyinizə gələcəkdir. Məsələn, fərqli saat qurşağında yaşayan həmkarlarınızla əlaqə saxlayıb, yazışıb birlikdə araşdırma apara və peşəkar şəkildə inkişaf edə bilərsiniz.
Çətinlik № 4 — qorxulu və təhlükəlidir
Bəzi gecə işləri qorxulu və ya potensial təhlükəli ola bilər. Qaranlıq saatlarda işləmək sizi qorxudursa, tədbirinizi əvvəlcədən görün. Özünümüdafiə kurslarına yazılın, sizin iş yerində tək qalmamağınız üçün müdirinizlə başqa bir əməkdaşı da işə götürməsi barədə danışın.
Yaxşı fikirləşin. Bəlkə də, lüzumsuz yerə özünüzü təşvişə salırsınız. Axı 21-ci əsrdə, demək olar ki, bütün müəssisələrdə video nəzarət və siqnalizasiya sistemləri mövcuddur, həmçinin internet və telefonun köməyi ilə bir neçə dəqiqə ərzində istənilən təcili yardım xidmətinə müraciət edə bilərsiniz.
Bütün bu çətinlikləri aradan qaldıraraq səmərəli işləməyə və hətta gecə növbəsində də özünüzü yaxşı hiss etməyə nail olun.
Nigar Umaxanlı, Finco.az