Fransa və Azərbaycan arasında enerji istehsalı barədə görüş təşkil olunub | Banco.az

Fransa və Azərbaycan arasında enerji istehsalı barədə görüş təşkil olunub

Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi Matias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Energetika Nazirliyindən verilən məlumata görə, qonaqlarla keçirilən görüşdə Azərbaycan və Fransa arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan energetika nazirinin müavini Gülməmməd Cavadov Azərbaycanda neft sənayesinin tarixindən danışıb. O bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanması ölkədə neft hasilatının yüksək artımına təkan verib. Hazırda ölkədə bu rəqəm ildə təxminən 40 mln. ton civarındadır. Öz enerji təhlükəsizliyini təmin etmiş ölkə kimi indi Azərbaycanın əsas hədəfi enerji resurslarını Avropaya çıxarmaqdan ibarətdir.

G. Cavadov “Şahdəniz-2” yatağının ehtiyatının TANAP və TAP vasitəsilə qazın geniş həcmdə ixracına imkan verəcəyini diqqətə çatdırıb. Nazir müavini Azərbaycan iqtisadiyyatının neft-qazdan asılılığının azaldılması istiqamətində həyata keçirilən işlərdən və alternativ enerji sahəsində qəbul edilən proqramlar və reallaşdırılan layihələrdən də bəhs edib. O qeyd edib ki, bu istiqamətdə Fransanın təcrübəsindən bəhrələnməyə ehtiyac var.

Ən sərfəli kredit üçün müraciət et

M. Fekl Azərbaycanla enerji əməkdaşlığının neft hasilatı, geoloji kəşfiyyat, neft-kimya, qaz sənayesi kimi sahələri əhatə etdiyini deyib. O, xatırladıb ki, ölkələr arasında ticarət dövriyyəsinin 85%-i məhz enerji sektorunun payına düşür. “Abşeron” yatağında “Total”ın fəaliyyətinə toxunan M. Fekl qaz layihələrinə Fransanın maliyyə dəstəyi göstərməyə hazır olduğunu bəyan edib.

Görüşdə iştirak edən ENGİE, Eiffage şirkətlərinin təmsilçiləri də alternativ enerji istehsalı istiqamətində əməkdaşlıq təkliflərini irəli sürüblər.

 

 

 

apa.az