26 Noyabr 2014-cü il tarixində Fairmont Baku Otelində "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı ilə Niderland İnkişaf bankı (FMO) və Avstriya İnkişaf Bankı (OeEB) arasında 30 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasının rəsmiləşdirilməsi mərasiminə həsr olunmuş mətbuat konfransı keçirildi.
Konfransda FINCA Azerbaijan-nın CEO-su Timothy Tarrant, Maliyyə direktoru Marco de Natale çıxış nitqi ilə iştirak elədi.
Avstriyanın Azərbaycandakı səfriliyinin, Avropa Birliyinin, Niderland İnkişaf Bankının, Avstriya İnkişaf bankının, yerli və beynəlxalq maliyyə qurumlarının, bank və şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçən mətbuat konfransının sonunda Niderland İnkişaf Bankı və FINCA Azerbaijan arasında müqavilənin rəsmi imzalama mərasimi həyata keçirilmişdir. Konfransda bildirildi ki, FINCA Azerbaijan-a ayrılan bu vəsaitdən Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi üçün istifadə ediləcək.
FINCA Azerbaijan-ın kredit portfelinin bu ilin sonu üçün 240 mln dollar olacağını, gələn il isə bu vəsaitin 10-15% artacağı söylənildi. Timothy Tarrant bildirdi ki, "FINCA Azerbaijan-ın bank ola bilməsini çox istərdik, lakin bu istiqamətdə hələ ki, bir yenilik yoxdur. Biz qlobal bazarda əmanət xidmətləri göstəririk".
5 illik müqavilə əsasında ayrılacaq kredit FINCA Azerbaijan təşkilatının öz müştərilərinə davamlı maliyyə xidmətləri göstərməsinə zəmin yaratmaqla, əsasən bank xidmətlərindən hələ də faydalanmaqda çətinlik çəkən ucqar regionlarda yaşayan kiçik və orta sahibkarlara təşkilatın dəstək göstərməsinə şərait yaradacaqdır. Ayrılan kreditin 15 000 nəfərdən çox müştəriyə xidmət göstərəcəyi planlaşdırılır.
Konfrans iştirakçıların xatirə şəkli çəkdirməsilə yekunlaşdı.
Qeyd edək ki, FINCA Azerbaijan hal-hazırda ölkənin bütün regionlarında fəaliyyət göstərən 65 filial vasitəsilə 150 000 nəfərdən çox aktiv müştəriyə maliyyə xidmətləri göstərməyə davam edir.