FED-in qərarı manata necə təsir edəcək? – AÇIQLAMA | Banco.az

FED-in qərarı manata necə təsir edəcək? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Pandemiyadan sonra ABŞ dolları möhkəmlənərək dünya iqtisadiyyatında əhəmiyyətli təsir göstərib. Xüsusən də prezident seçkilərindən sonra dolların möhkəmlənməsi diqqət mərkəzində olub. Lakin FED-in son dövrlərdəki siyasət dəyişiklikləri ilə valyuta bazarında yeni trendlər yaranmaqdadır.

Bu proseslərin Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı iqtisadçı Pərviz Heydərov Banco.az-a açıqlama verib.

Pərviz Heydərov bildirib ki, FED-in pandemiyadan sonra həyata keçirdiyi uçot dərəcəsini qaldırmaq siyasəti artıq dəyişib və uçot dərəcəsi aşağı salınıb. Bu addım, dolların hədsiz möhkəmlənməsinin Amerika iqtisadiyyatına mənfi təsirlərini azaltmağa yönəlib. O qeyd edib ki, dolların güclənməsi, xüsusilə də, ixracı məhdudlaşdırır və dünya bazarında neftin qiymətinin artmasına səbəb olur.

Ən sərfəli kredit üçün müraciət et

"Yanvarın 20-dən sonra hakimiyyətə gələn Tramp Administrasiyasının əsas məqsədlərindən biri dünya bazarında neftin qiymətini ucuzlaşdırmaqdır. Bu baxımdan, gələn il FED-in uçot dərəcəsini mərhələli şəkildə aşağı salması gözlənilir," - deyə P.Heydərov əlavə edib.

Bununla yanaşı, iqtisadçı FED-in vahid qərarlarının Azərbaycanın milli valyutasının məzənnəsinə birbaşa təsir etmədiyini vurğulayıb:
"Əmanətlərini dollar şəklində saxlayan vətəndaşlarımız narahat olmasınlar. FED-in uçot dərəcəsinin dəyişməsi Azərbaycanın milli valyutasına birbaşa təsir göstərmir. Lakin neftin qiymətində əhəmiyyətli azalma baş verərsə, bu halda müəyyən narahatlıq ola bilər."

Pərviz Heydərov qeyd edib ki, bu dəyişikliklər uzunmüddətli perspektivdə iqtisadi sabitliyə töhfə verəcək.