“Facebook”un rüblük hesabatı Zükerberqin sərvətinə necə təsir etdi? | Banco.az

“Facebook”un rüblük hesabatı Zükerberqin sərvətinə necə təsir etdi?

“Facebook”un səhmləri şirkət xərclərinin kəskin artdığı bildirilən rüblük hesabat dərc edildikdən sonra təxminən 7% ucuzlaşdı. Nəticədə sosial şəbəkənin qurucusu Mark Zükerberqin sərvəti bir neçə saat ərzində 5 milyard dollardan çox azaldı.

Forbes USA yazır ki, “Facebook”un kotirovkası çərşənbə günü böyük ticarət əməliyyatları bağlandıqdan sonra 6,96% düşüb və hal-hazırda Zükerberqin varidatı 77 milyard dollardır. Çərşənbə günü səhm qiymətlərinin düşməsindən əvvəl Forbes Real-time reytinqinə görə, milyarderin sərvəti 82,6 milyard dollar olaraq qiymətləndirilirdi.

Həmçinin oxu: Mark Zükerberq: “Heç kəs milyarder olmağa layiq deyil”

Şirkət dördüncü rüb üçün hesabatını təqdim etdikdən və 2019-cu ilin yekunlarını açıqladıqdan sonra “Facebook” səhmləri ucuzlaşdı. Sosial şəbəkənin xərclərinin kəskin artması investorları narahat etdi. Hesabata görə, keçən il xərclər 51% artaraq 46,71 milyard dollar təşkil edib. Şirkətin əməliyyat marjası 2018-ci ildəki 45%-dən 2019-cu ildə 34%-ə enib. Dördüncü rübdə xərclər 12 milyard dollar (ötən ilin eyni dövrü ilə müqayisədə +34%), şirkət əməkdaşlarının sayı isə 45 000 nəfərə qədər artım göstərib. 2020-ci ilin nəticələrinə görə, şirkət xərclərin artmaqda davam edəcəyini və 54-59 milyard dollar arasında dəyişəcəyini proqnozlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Buna baxmayaraq, şirkətin gəliri ötən illə müqayisədə dörddə bir dəfə artaraq və “Refinitiv” agentliyinin proqnozlarını (20,9 milyard dollar) üstələyərək 21,1 milyard dollar təşkil etdi. Sosial şəbəkənin xalis gəliri 7% (7,3 milyard dollar), yəni bir səhm üçün 2,56 dollar səviyyəsinə yüksəldi. Halbuki analitiklər 2,53 proqnozlaşdırmışdı.

Gündəlik aktiv istifadəçilərin sayı Amerikanın “FactSet” analitika şirkətinin gözlədiyi kimi 1,65 milyard deyil, 1,66 milyard təşkil etdi.

“Şirkətin dördüncü rübdəki vəziyyəti əvvəlki bir çox rüblə eyni oldu. Son iki ildə şirkətin ətrafında yaranan bütün qorxulara baxmayaraq, gəlir gözləntilərini aşır və istifadəçi sayında artım göstərir. Bunun 2020-ci ildə də davam edəcəyini gözləyirik”, — “eMarketer”in baş analitiki Debra Aho Uilyamson qeyd edir.

Həmçinin oxu: Hansı milyonerlər ucuz evdə yaşayır?

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et