Evi satışa çıxarmazdan əvvəl nələrə diqqət etməliyik? | Banco.az

Evi satışa çıxarmazdan əvvəl nələrə diqqət etməliyik?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Başqa ev almağa hazırlaşırsınız, yaşadığınız şəhərdən köçürsünüz, çox çətin maliyyə vəziyyətindəsiniz, pulunuzu fərqli bir şəkildə yatırmaq istəyirsiniz. Və ya başqa bir səbəbdən evinizi satışa çıxaracaqsınız.

Bəs ev satarkən nəzərə alınmalı olan məsələləri bilirsinizmi?

Yoxsa ev satmağı sadəcə bir neçə şəkil çəkib siyahı saytlarına yerləşdirmək və alıcıların zənglərini gözləmək kimi görürsünüz? Çünki yanaşmanız belə olsa, evinizi qısa zamanda sata bilməyəcəksiniz və istədiyiniz qiymətlərə alıcı tapa bilməyəcəksiniz.

Bunun üçün sizə evinizi satmağı asanlaşdıracaq bir neçə tövsiyyə verəcəyik.

Uğurlu olmaq istədiyiniz hər bir işdə etməli olduğunuz planı ev satarkən də etməlisiniz. Evi necə satacağınızdan tutmuş işləyəcəyiniz insanlara, təyin edəcəyiniz qiymətdən tutmuş evi nə qədər müddətə satmaq istədiyinizə qədər hər bir detalı diqqətlə düşünməlisiniz.

Evinizi niyə satırsınız?

Əvvəlcə bu suala cavab tapmaq lazımdır. Çünki ev satmağınızın səbəbi sizdən getməli olduğunuz yolu dəyişdirməyi tələb edə bilər. Məsələn, təcili ödənilməli olan borclarınıza görə evinizi satmaq fikrindəsinizsə, rəqəmi normadan bir qədər aşağı sala bilərsiniz. Və ya evi təkbaşına satmağa çalışmaq əvəzinə daşınmaz əmlak məsləhətçisi ilə əlaqə saxlaya bilərsiniz. Ancaq evinizi satmağa tələsmirsinizsə, o zaman aşağıda qeyd etdiyimiz variantları həyata keçirmək üçün asanlıqla vaxt tapa bilərsiniz. Çünki evi satma səbəbiniz bu mövzuda hansı qərarlar verməli olduğunuzu müəyyən edən ən mühüm amil olacaq.

Nəzərə alın ki, boş evlər daha asan satılır

Tutaq ki, evinizi satışa çıxaracaqsınız. Əgər bu, hazırda sizin yaşadığınız evdirsə, evinizi satmaq çətin olacaq. Çünki insanların çoxu içində yaşayış olan evləri almaq istəmir. Boş evlər alıcılar üçün daha cəlbedici görünür. Bundan əlavə, siz və ya başqası (kirayə yaşayan, ailəniz, qohumunuz) evdə yaşayarkən alıcıların evə baxmağa gəlməsi ev sahibi üçün çox da xoş olmayacaq. Yəni satışı asanlaşdırmaq üçün evin boş olması hər iki tərəf üçün daha məntiqlidir.

Təmir və baxım işinə önəm verin

Evinizi satmağa qərar verdiniz. Bu nöqtədə qazancınızı artırmaq üçün etməli olduğunuz ilk şey evin baxım və təmir işlərinin qayğısına qalmaqdır. Evinizin damından tutmuş pəncərələrinə, istilik sistemindən tutmuş elektrik santexnikasına, divarlarından vanna otağına, döşəməsindən tavanına, işıqlandırmasından bağ planına kimi hər bir detalına diqqət yetirməlisiniz. Cüzi məbləğlər xərcləməmək üçün evinizi qüsurları ilə müştəriyə təqdim etsəniz, daha çox qazanc əldə etmək fürsətini əldən vermiş olarsınız və alıcılar bu səbəblə sizdən endirim etmənizi tələb edəcəklər.

Görünüşün nə qədər önəmli olduğunu anlayın

Ən sərfəli kredit üçün müraciət et

Baxım və təmirdən danışdıq, amma görünüş məsələsi də var. Belə ki, evinizin baxım və təmiri ilə yanaşı, onun görünüşünə də əlavə diqqət yetirməlisiniz. Misal üçün, həyəti olan bir eviniz varsa, bağçanızı səliqəyə salmaq üçün bir neçə gün sərf etməli və bağın qapısından döşəmələrin təmizlənməsinə qədər bir çox fərqli detallara diqqət yetirməlisiniz. Həm də bu nöqtədə yaradıcılığınızdan istifadə etmək sizə bağlıdır. Misal üçün, evinizin günəş işığı almayan otaqlarını açıq rənglərə boyayaraq evinizə daha geniş görkəm verə bilərsiniz. Həmçinin, çilçıraqlarınızı və işıqlandırma sisteminizi dəyişərək eyni şeyi edə və kiçik toxunuşlarla evinizi çox daha gözəl göstərə bilərsiniz.

Qiymətlə bağlı səhvlərə yol verməyin

Evinizi satışa çıxarmazdan əvvəl diqqət etməli olduğunuz başqa bir şey də düzgün rəqəmi təyin etməyinizdir. Belə ki, evinizi düzgün qiymətləndirdiyinizə əmin olmalısınız. Siz nə əmlakınızı bazara çox baha qiymətə təklif etməli, nə də dəyərindən aşağı rəqəm qoymalısınız. Çünki hər iki halda siz yanlış qiymətə satışa çıxdığınız üçün evinizi istədiyiniz qiymətə sata bilməyəcəksiniz, ya zərərlə satacaqsınız, ya da qapıdan “satılır” sözünü silə bilməyəcəksiniz. Bundan əlavə, eviniz uzun müddət bazarda qalsa, bu, evin dəyərini itirməsinə səbəb olacaq.

Tək və ya daşınmaz əmlak agenti ilə işləyəcəyinizə qərar verin

Evinizi satarkən hansı üsuldan istifadə edəcəksiniz? Tək satacaqsınız, yoxsa səlahiyyətli daşınmaz əmlak məsləhətçisindən kömək alacaqsınız? Bu məqamda özünüzə güvənmirsinizsə, bir mütəxəssislə işləməyi düşünməlisiniz. Amma təbii ki, hər iki variantın müsbət və mənfi tərəfləri olduğunu nəzərə alaraq seçiminizi etməlisiniz. 

Bazarı bilən və təbii olaraq satış təcrübəsi olan daşınmaz əmlak agenti üçün satış çox asandır. Əmlak agentlərinin müştəri portfeli və reklam imkanları sizinkindən çox daha genişdir. Digər tərəfdən öz əlinizlə ev satmağın da üstünlükləri var. Misal üçün, bir çox alıcı birbaşa satıcıdan ev almağa  üstünlük verir. Çünki əks halda onlar rieltora da pul ödəməli olurlar. Bu kimi səbəblərə görə, ev alqı-satqısını təkbaşına idarə etmək də sərfəlidir.

Ümid edirik ki, yuxarıda qeyd etdiyimiz bir neçə tövsiyyə sizin evinizi qısa müddətdə satmanıza kömək edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et