Tamara Mustafayeva, Banco.az
Əgər hədəfiniz müntəzəm gəlir əldə etmək və istədiyiniz yerdən çalışa biləcəyiniz bir işə sahib olmaqdırsa, hazırki şərait bunun üçün olduqca idealdır. Çünki, həm texnologiyanın inkişafı, həm də pandemiyanın qazandırdığı vərdişlər evdən çıxmadan belə pul qazanmağa imkan yaradır.
Bugünkü məqaləmizdə evdən (ya da arzu etdiyiniz hər hansı bir yerdən) işləyə biləcəyiniz 5 peşə sahəsindən bəhs edəcəyik.
1. Yazıçı
Əgər yazmağı sevirsinizsə və qələmizin gücünə inanırsınızsa, o halda yazıçılıq peşəsi haqqında düşünə bilərsiniz. Xüsusilə də, hər hansı bir xarici dili bilirsinizsə, yazıçılıq və tərcüməçilik üzrə bir çox iş fürsəti əldə edə bilərsiniz.
Mətnlərin yazılması demək olar ki, bütün sektorların müraciət etdiyi bir sahədir. Şirkətlər, istehsal etdikləri məhsul və ya təklif etdikləri xidməti satmaq üçün həmin məhsullar haqqında təqdimat yazılarına ehtiyac duyurlar. Bazara yeni təqdim edəcəkləri məhsulun istifadəçi təlimatlarını hazırlamaq üçün mətn yazıçılarına müraciət edirlər. Bu səbəbdən də reklam və marketinq kimi sahələrdə mətn yazıçılarına (kopirayter) böyük tələbat vardır.
Əgər satış üçün mətn yazmağa üstünlük vermirsinizsə, jurnal və bloqlar üçün də mətnlər yaza bilərsiniz. Müəyyən bir mövzuya həsr olunmuş bloq saytları açaraq bu vasitə ilə insanlara faydalı olacaq, axtarış şəbəkələrində tez-tez axtarılan mövzularda məqalələr yazaraq saytı insanların ziyarət etməsini təmin edə bilər və beləliklə reklam alaraq qazanc əldə edə bilərsiniz.
2. Video-montajçı
Günümüzdə sosial şəbəkələrin, xüsusilə də “Youtube”un öz qızıl dövrünü yaşaması videoların da əhəmiyyətini artırmasına səbəb olur. Demək olar ki, hər bir şirkət və qurum “Youtube”da öz hesabının olmasına çalışır. Xüsusilə də video reklamlar şirkətlərə daha çox müştəri cəlb etdiyi üçün bu sahəyə maraq artmış vəziyyətdədir.
Bu baxımdan şirkətlər və ya ayrı-ayrı şəxslər üçün insanların izləyəcəyi və bəyənəcəyi videolar hazırlayaraq, başqa sözlə video-montaj işi ilə məşğul olaraq öz evinizdən də pul qazana bilərsiniz.
Bunun üçün kompüterinizə “Photoshop”, “Adobe Premiere” və “Adobe After Effects” və s. proqramlar yükləmək və möhtəşəm ideyalara sahib olmaq lazımdır.
3. Kompüter proqramçısı
Kompüter proqramçılarının işi kompüter arxasında əyləşib mobil tətbiq, oyun, internet saytı, proqram yazmaqdır. Yəni, tamamilə kompüter arxasında əyləşərək icra edə biləcəyiniz bir işdən söhbət gedir. Nəticədə proqramist kompüterin olduğu hər yerdən öz işi ilə məşğul ola bilər. “Quartz.com” saytının apardığı araşdırmaya əsasən proqram yazmaqla məşğul olan insanların əksəriyyəti evdən işləməyə üstünlük verirlər.
4. Virtual assistent
Bir çox şirkət öz işçilərinin evdən işləməsinə icazə verir. Direktor köməkçiləri də təbii ki, bu işçilər arasındadır. Virtual katibəlik hər hansı bir şəxsin gündəlik həyatı, görüşləri, rezervasiyaları, digər şəxslərlə əlaqəsi kimi mövzularda həmin şəxsin assistentliyini etmək deməkdir. Bunun üçün onun ofisdə oturmasına da ehtiyac yoxdur. Bütün bu qeyd edilən tapşırıqları internet vasitəsilə olduğunuz hər hansı bir yerdən də etmək mümkündür.
5. Sosial media meneceri (SMM)
Sosial media sadəcə dostlarınızla əlaqə saxlaya biləcəyiniz bir platforma deyildir. Eyni zamanda yüz minlərlə şirkətin bir-biri ilə rəqabət halında olduğu bir marketinq vasitəsidir.
Sosial media meneceri işlərini gördüyü şirkətin funksiyalarını, dilini və üslubunu bilməlidir.
Bu işlə evdən məşğul olarkən belə, sosial media menecerləri şirkətdə baş verən hadisələrdən xəbərdar olmalıdırlar. Hansı məhsulun və ya xidmətin bazara çıxarılacağı, tanıdılacağı, həmin məhsul və xidmətlər haqqında ətraflı məlumatlarla bağlı hər şeyi bilməli, insanlara bu məlumatları təsiredici formada çatdırmalıdır.
Bu işdə işləmək üçün ünsiyyət və təşkilat bacarıqlarınız güclü olmalıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!