Ev alaq, yoxsa pulumuzu banka qoyaq? – Hansı sərfəlidir? | Banco.az

Ev alaq, yoxsa pulumuzu banka qoyaq? – Hansı sərfəlidir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

İnvestisiya etmək istəyən şəxslərin qarşısında adətən müxtəlif seçimlər olur. Bunlara vəsaiti bank əmanətində saxlamaq və ya daşınmaz əmlaka yönəltmək də daxildir. Hər iki variantın öz üstünlükləri və riskləri mövcuddur və düzgün seçim investorun məqsədlərindən, maliyyə imkanlarından və investisiya müddətindən asılıdır. Son dövrlərdə bank faizlərinin yüksəlməsi və daşınmaz əmlak bazarında müşahidə olunan dəyişikliklər bu mövzunu daha da aktuallaşdırıb. Bəs mövcud şəraitdə hansı seçim daha məqsədəuyğundur?

İqtisadçı Rəşad Həsənov Banco.az-a açıqlamasında bildirib ki, bu məsələ seçimlərdən və mövcud şərtlərdən asılıdır:

"İnvestisiya ediləcək istiqaməti müəyyənləşdirərkən bir sıra parametrlər nəzərə alınmalıdır. İlk növbədə, yığım vəsaitini hansı müddətə investisiya etmək istədiyinizi müəyyənləşdirməlisiniz.

Nəzərə almaq lazımdır ki, daşınmaz əmlak bazarına investisiya edərkən vəsaitlərin orta və uzunmüddətli dövr üçün yerləşdirilməsi daha məqsədəuyğun hesab olunur. Əgər vəsaiti qısamüddətli dövrdə, məsələn, 6 ay və ya 1 il müddətində yerləşdirmək istəyirsinizsə, bu zaman daha yüksək likvidliyə malik aktivlərə, o cümlədən bank əmanətlərinə üstünlük vermək daha məqsədəuyğundur".

İqtisadçının sözlərinə görə, digər vacib amillərdən biri vəsaitin bankda hansı faiz dərəcəsi ilə yerləşdirilməsidir: "Mövcud şərtlərə nəzər saldıqda görürük ki, banklarda faiz dərəcələri yüksəkdir və bu səbəbdən qısamüddətli dövr üçün vəsaitlərin bank əmanəti kimi yerləşdirilməsi daha sərfəli görünür.

Daşınmaz əmlak bazarında isə müəyyən durğunluq müşahidə olunur. Bu da qiymət artımı potensialının əvvəlki dövrlərlə müqayisədə nisbətən zəiflədiyini göstərir.

Bundan əlavə, həlledici məqamlardan biri də daşınmaz əmlaka hansı bazarda investisiya edilməsidir. Əgər investisiya regionlarda, qəsəbələrdə və ya ucqar ərazilərdə edilirsə, bu halda ciddi likvidlik riski yaranır. Belə əmlakların gələcəkdə satılması və ya ehtiyac yarandıqda ipoteka təminatı kimi istifadə olunması daha çətin olur. Nəticədə, vəsaitə ehtiyac yarandığı zaman onun çevik şəkildə nağdlaşdırılması və idarə olunması imkanları məhdudlaşır.

Əgər investisiya Bakı şəhərində və ya onun ətraf ərazilərində edilirsə, vəziyyət bir qədər fərqlidir. Bu bölgələrdə daşınmaz əmlak bazarı daha aktivdir, qiymətlər və kirayə haqları nisbətən yüksəkdir. Buna görə də gəlirlilik potensialı da daha yüksək qiymətləndirilir".

R. Həsənov qeyd edib ki, investisiya qərarına müxtəlif amillər və şərtlər təsir göstərir: "Məhz buna görə də qərar qəbul edərkən bütün bu faktorlar kompleks şəkildə nəzərə alınmalıdır.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, Bakı şəhərində daşınmaz əmlaka orta və uzunmüddətli investisiya etməyin də müəyyən riskləri mövcuddur. Fiskal konsolidasiya siyasəti, iqtisadi durğunluq, regionların tarazlı inkişafı, eləcə də işğaldan azad olunmuş ərazilərin sürətli bərpası və məskunlaşma prosesləri nəticəsində Bakı bazarında qiymətlərin optimallaşması, yaxud qiymət artımı tempinin zəifləməsi kimi risklər mövcuddur.

Ona görə də investisiya qərarı qəbul edilərkən bütün amillər hərtərəfli təhlil edilməli, mövcud şərait qiymətləndirilməli və nəticədə investor üçün ən uyğun yanaşma seçilməlidir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram