Tamara Mustafayeva, Banco.az
Qida sektorunun nəhənglərindən biri olan "Ülker" 22 fevral 1944-cü ildə təsis edildiyi zaman adı "Ülker Bisküvi Sanayi A.Ş" idi. Gəlin bugünkü məqaləmizdə yer verdiyimiz Sabri və Asım Ülkərin təşəbbüsü ilə başlayan bu 76 illik hekayəyə nəzər salaq.
1920-ci ildə Krımda dünyaya gələn Sabri Ülkər 1929-cu ildə ailəsi ilə birlikdə İstanbula köçür. O, İstanbul İqtisadi və Ticari Elmlər Akademiyasına magistr təhsili üçün daxil olduğu zaman II Dünya Müharibəsi başlamış, müharibə başa çatarkən isə o, universitetdən məzun olmuşdu. Uşaqlıqda Besler Fabrikində çalışan Asım və Sabri qardaşlarının ailəsi 1930-cu illərdə şirniyyat mağazasına sahib idilər. Odur ki, bu iki qardaş biskvit biznesinə başlamağa qərar verir və Eminönü Nohutçu Handakı atelyedə öz biskvit bizneslərini qururlar. Hazırda əksəriyyətimizin sevərək istehlak etdiyi "Ülker" peçenyeləri ilk dəfə bu atelyedə istehsal edilib.
İstehsalın ənənəvi üsullarla reallaşdığı bu atelyedə başlanğıcda sadəcə çömçə, qazan, biskvit qəlibləri və sobada var idi. Makinalar köhnə olduğu üçün daim problem yaranırdı. Odur ki, Sabri Ülkər qısa müddət ərzində makinaları təmir etməyi öyrəndi. Bu kiçik atelyedə ilk il gündə 200 kiloqram peçenye istehsal edilmişdi.
Qısa zaman ərzində ətraf ərazilərdə də məşhurlaşan "Ülker" peçenyeləri 1948-ci ildə Topqapı Takkeci ərazisindəki Sağmaçılar kəndində təsis edilən yeni fabrikdə daha müasir avadanlıqlarla istehsal edilməyə başlandı. 1960-cı illərə qədər bu fabrikdə istehsala davam edən şirkət artan tələbi ödəməkdə çətinlik çəkdiyi üçün Davudpaşada növbəti fabriki açır. Qəzet və radioalarda yayımlanan reklamları ilə marka tanınmışlığını artıran şirkət "Ülker-siz çay saatını düşünmək olmaz", "Atacan, axşam Ülker gətirməyi unutma" kimi şüarlarla yaddaşlarda özünə yer etməyə başladı.
1970-ci illərdə məhsul çeşidliliyini artıran şirkət Davudpaşa fabrikinin yanında açılan şokolad fabrikində şokolad istehsal etməyə başlayır. Bununla da yerli şokolad istehsalını təşviq etdi və münasib qiymətləri səbəbilə geniş alıcı kütləsinə çata bildi. Şirkət məhsul çeşidliliyini artırdıqca sektor daxili rəqabət də artırdı. Şirkət rəqabətdə qalib gəlmək və yerini möhkəmləndirmək üçün AR-GE mərkəzi yaratdı. 1974-cü ildə ixracata başlayan Ülker Yaxın Şərq satışları ilə Türkiyəni xarici bazarlarda təmsil etməyə başladı. 1992-ci ildə isə "Besler Gıda" nəzdində yağ fabriki təsis edərək yağ istehsalına başladı. 1999-cu ildə Türkiyənin ilk bitki mənşəli yağı olan "Teremyağ" bazara çıxarıldı.
"Halley", "Biskrem", "Dankek", "Bizim", "Albeni", "Çokokrem", "Dido" kimi bir çox markaya sahib olan "Ülker" brendi 14 ölkədə fəaliyyət göstərən 77 fabrik ilə təmsil olunur. Şirkətin təsisçisi Sabri Ülkər isə 2012-ci ildə vəfat etmişdir.
Həmçinin oxu: Məşhur geyim firması H&M-in uğur hekayəsi
Bizi sosial şəbəkələrdən izləyin!!