Müəllif:Mehin Qasımova,Banco.az
Estoniya Avropa Komissiyasının (AK) dəstəyi ilə müdafiə xərclərini maliyyələşdirmək üçün 3,6 milyard avroya qədər kredit götürməyi planlaşdırır.
Banco.az xəbər verir ki, Maliyyə Nazirliyinin portalında qeyd edilib.
"Estoniya kredit almaqda maraqlıdır. Müdafiə Nazirliyi kredit üçün ilkin ərizə hazırlayıb Avropa Komissiyasına göndərib, lakin bütün proses hələ nisbətən erkən mərhələdədir", - Maliyyə Nazirliyinin dövlət xəzinədarlığı departamentinin rəhbəri Janno Luurmees deyib.
Portalın məlumatına görə, kreditin dəqiq məbləği, həmçinin ödəmə müddəti hələ müəyyən edilməyib. Kredit 45 ilədək müddətə götürülə bilər. Avropa Komissiyasının dəstəyi ilə onu alarkən Estoniya da hər milyard avro üçün ildə təxminən 4 milyon avro qənaət edərək daha əlverişli faiz dərəcəsi almağa ümid edir.
Estoniya Müdafiə Nazirliyinin NATO və Avropa İttifaqı departamentinin rəhbəri Kalle Kirss öz növbəsində bildirib ki, müdafiə krediti orta və yaxın mənzilli hava hücumundan müdafiə sistemləri üçün zenit-raket kompleksləri, artilleriya mərmiləri və digər döyüş sursatları, piyada döyüş maşınlarının alınması, habelə respublikanın hərbi dəniz qüvvələrinin silah-sursatının artırılmasına yönəldilməsi planlaşdırılır.
O, əlavə edib ki, digər ölkələrlə əməkdaşlıq çərçivəsində, yəni müştərək satınalmalar yolu ilə müdafiə vasitələrinin alınması planlaşdırılır.
Yazda Avropa Komissiyası Avropanın yenidən silahlanması planı təklif etmişdi ki, ona əsasən, AK 150 milyard avroya qədər kredit götürəcək və sonra bu vəsaiti Aİ-yə üzv dövlətlərə verəcək.
Estoniya hökuməti noyabrın sonuna kimi bu kredit hesabına maliyyələşdiriləcək layihələrin konkret planını AK-ya təqdim etməlidir.