Müəllif:Gülbəniz Hüseynli/Banco.az
COP29 tədbiri Azərbaycanın yalnız qlobal iqlim mübarizəsinə töhfəsi deyil, həm də ölkənin yaşıl enerji sahəsindəki ambisiyalarını və iqtisadi perspektivlərini dünyaya təqdim etməsi üçün mühüm platforma oldu.
Bakıda keçirilən bu beynəlxalq forum, iqlim dəyişikliyinə qarşı birgə mübarizədə Azərbaycanı etibarlı tərəfdaş kimi tanıtdı. Eyni zamanda, ölkənin alternativ enerji mənbələri ilə bağlı strategiyaları və bu istiqamətdəki hədəfləri daha geniş auditoriyaya çatdırıldı. Bu tədbir Azərbaycanın həm iqtisadiyyatında, həm də ekoloji baxımdan yeni bir mərhələnin başlanğıcıdır.
İqtisadçı Pərviz Heydərov COP29-un ölkəmizin iqtisadiyyatına və yaşıl enerji sektoruna təsirləri barədə Banco.az-a açıqlama verərək, onun çoxşaxəli dividentlər qazandıracağını bildirib:
"Azərbaycan bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etməklə yalnız qlobal iqlim müzakirələrinə töhfə vermədi, həm də öz enerji potensialını və gələcək hədəflərini dünyaya nümayiş etdirdi. Ölkəmiz təbii enerji resursları ilə zəngindir, lakin hədəfimiz alternativ enerji mənbələrindən daha səmərəli istifadə etməkdir," - deyə Heydərov qeyd edib.
Onun sözlərinə görə, ölkəmiz artıq yaşıl enerji sahəsində əhəmiyyətli addımlar atıb və bu istiqamətdə inkişaf davam edəcək:
"Ölkədə yaşıl enerjidən istifadənin həcmi getdikcə artır və bu tendensiya daha da genişlənəcək. Əsas məqsədimiz isə Avropaya yaşıl enerji ixrac etməkdir. Qara dənizin dibi ilə çəkiləcək enerji kabeli Azərbaycanın yaşıl enerji sahəsindəki perspektivlərini reallaşdırmaq üçün mühüm şansdır."
Pərviz Heydərov ölkədə yaşıl enerji sahəsində özəl sektorun rolunun artacağını da diqqətə çatdırıb:
"Yaşıl enerjidən istifadənin faydaları və səmərəliliyi artdıqca, özəl sektorun və sahibkarların bu proseslərə inteqrasiyası daha da genişlənəcək. Biz, hətta orta və kiçik sahibkarlıq strukturlarının da yaşıl enerji istehsalı və istehlakında fəal iştirakının şahidi olacağıq."