2018-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 1 mlrd. 824,7 mln. manat vəsaitin 816,2 mln. manatı və ya 44,7%-ii qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən illə müqayisədə 29,8%-i artıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ümumi sərmayənin 74,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 79,3%-i məhsul istehsalı obyektlərinin, 14,8%-i xidmət sahələri üzrə obyektlərin, 5,9%-i isə ümumi sahəsi 242,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 50,8%-ni təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 68,1%-i, bank kreditləri 10,9%-i, büdcə vəsaitləri 15,0%-i, əhalinin şəxsi vəsaitləri 5,4%-i, büdcədənkənar fondların vəsaitləri 0,5%-i, sair vəsaitlər isə 0,1%-i təşkil edib
2018-ci ilin yanvar-fevral aylarında Bakı şəhərində 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə 2 müəssisəsi, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 442 şagird yerlik 2 ümumtəhsil məktəb binası və bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi və s. obyektlər istifadəyə verilib.