"EnterpriseAzerbaijan" portalı yeni sərmayə imkanları açır | Banco.az

"EnterpriseAzerbaijan" portalı yeni sərmayə imkanları açır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan "EnterpriseAzerbaijan.com" internet portalının missiyası hüquqi və fiziki şəxslər tərəfindən hazırlanan investisiya layihələri, aktivlər, təbii resurslar və investisiya imkanları haqqında məlumatların yerli və xarici investorlara təqdim edilməsidir. Portal ideya və layihəsi olan müəllif və təşəbbüskarlar ilə investisiya imkanları axtarışında olan investorları bir araya gətirən davamlı yenilənən, istifadəyə rahat, təhlükəsiz, əlçatan, sürətli və geniş əhatə dairəsi olan bir platformadır.

Startap ekosisteminə dəstək məqsədilə portal biznesə başlama, startap şəhadətnaməsi, güzəştli vergi rejimi, inkubasiya və akselerasiya mərkəzləri və digər sahələrdə siyasəti həyata keçirir.

"EnterpriseAzerbaijan" portalının əsas hədəfi ölkəmizin biznes mühitinin daim yaxşılaşdırılması, kreativ və innovativ ideyalı startapçı gənclərimizin dünya səviyyəsində tanınması, onların maliyyə mənbələrinə çıxış imkanlarını genişləndirmək, müxtəlif etaplarda onlara mentorluq və mütəxəssis dəstəyi göstərmək, xarici investorlar tərəfindən Azərbaycana kapital axınını çoxaltmağa müvəffəq olmaqdır.

"EnterpriseAzerbaijan" invesitisiya sahəsində çoxşaxəli xidmətlər paketinə sahibdir. Portalın təqdim etdiyi xidmətlərdən biri investorlara Azərbaycanda ilk dəfə olaraq "Kraudfandinq" (Crowdfunding) fəaliyyətindən istifadə etmək imkanı yaratmasıdır. Portal bu sahədə dünyanın bir çox məşhur portallarına inteqrasiya olunaraq layihələrin daha geniş kütləyə təqdim olunmasına şərait yaradır. Azərbaycanda ilk dəfə olaraq "EnterpriseAzerbaijan" kreativ fikirləri olan yerli startapçılara məşhur Kickstarter portalı üzərindən dünya maliyyə bazarlarına çıxmaq imkanı yaradır.

Portalda Azərbaycandakı investisiya və startap layihələri, ideya, əmlak, səhm və torpaq satışı, həmçinin digər aktivlər barədə məlumatlar mövcuddur. Bu məlumatlar potensial investorların diqqətinə müxtəlif meyarlar üzrə klassifikasiya olunmuş, filtrləmə yolu ilə səlis axtarış imkanı yaradan məlumat bazası şəklində təqdim olunur. EnterpriseAzerbaijan layihələrin bütün mərhələlərində onlara dəstək vermək məqsədilə aşağıdakı ardıcıllıqla investorların cəlbini həyata keçirir:

Ən sərfəli kredit üçün müraciət et

  • Toxum investor – layihənin ilkin mərhələsində onun bünövrəsini maliyyələşdirən və qarşılığında paya sahib olan investorlardır. Toxum investisiya növü ən riskli invesitisiya növüdür və ən etibarlı layihələrə təklif olunur.

 

  • Mələk investor – toxum mərhələsini keçmiş layihələrə nisbətən kiçik məbləğdə (1 mln-a qədər) və əsasən şəxsi vəsaitlərini ayıran investorlardır.

 

  • Vençur investor – layihə böyüdükdən və ilkin bazası formalaşdıqdan sonra layihəyə daha böyük məbləğ (1 mln-dan çox) yatıran investorlardır. Vençur investisiya yalnız çox böyük və riski çox aşağı olan layihələrə tətbiq olunur.

Portala yerləşdirilən layihələr kənd təsərrüfatı, sənaye, energetika, tikinti, nəqliyyat/logistika, telekommunikasiya, elm və texnologiya və s. kateqoriyalar olmaqla 12 sahəni əhatə edir.

EnterpriseAzerbaijan portalı xarici təcrübənin öyrənilməsi, beynəlxalq layihələrlə əməkdaşlığı da prioritet olaraq nəzərdə tutub.

Nərmin RƏHİMLİ
İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin mütəxəssisi

Ən sərfəli krediti almaq üçün müraciət et