Ən zərərli sığorta hansıdır? | Banco.az

Ən zərərli sığorta hansıdır?

2014-cü ilin birinci rübünün nəticələri Azərbaycanın sığorta bazarı üçün təkcə toplanan sığorta haqları və sığortə ödənişləri baxımından yox, həm də ayrı-ayrı sığorta növlərinin zərərliyinin dəyişməsi baxımından maraqlıdır. İlkin araşdırmalar sığorta növləri üzrə artıq müəyyən tendensiyaların yarandığını göstərir.

Hər 100 manatın 25 manatı müştərilərə qaytarılıb
Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən verilən məlumata görə, Azərbaycanın sığorta şirkətləri sığorta haqqı kimi qazandıqları hər 100 manatın 25 manatını müştərilərinə qaytarıblar. Bununla belə, bəzi sığorta sinifləri üzrə sığorta haqqının ödənişə nisbəti ciddi dəyişib.

Əmlakın yanğından sığortası sərfəlidirmi?
Məsələn, 2013-cü ilin 1-ci rübündə əmlakın yanğından və digər risklərdən sığortası üzrə toplanan sığorta haqqının 26%-ə yaxını ödənişə sərf olunmuşdusa, bu ilin ilk 3 ayında ödəniş nisbəti 8% civarında olub. Yəni, əmlakın bu cür sığortası ötən illə müqayisədə şirkətlərə daha çox pul qazandırıb.

Aqrar sığorta həm qazandırıb, həm də ziyana salıb
Ötən illə müqayisədə bu il sığortaçılar kənd təsərrüfatı heyvanlarını sığorta etdiklərinə görə də ciddi itkiyə məruz qalmayıblar. Belə ki, 2013-cü ilin 1-ci rübündə bu növ sığorta ilə bağlı ödənişlərin məbləği yığımdan 2,23 dəfə çox olduğu halda, 2014-cü ilin yanvar-mart aylarında toplanan sığorta haqqının 46%-i ödənişə yönəldilib. Əvəzində kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasına görə ödəniş artıb. Ötən il bu sığorta növündə sığortaçıların xərci çıxmasa da, bu il bitkilərin sığortalanmasından qazandıqları hər 10 manatın 9 manatını bitkiçiliyə dəyən ziyanı kompensasiya etməyə yönəldiblər.

Ən sərfəli kredit üçün müraciət et

Avtomobil sığortasına görə ödənişlər artıb
Avtomobil sahiblərinin öz hüquqlarını getdikcə daha yaxşı bilməsi və müdafiə etməsi kasko sığorta üzrə ödənişləri artırıb. 2013-cü ilin 1-ci rübündə KASKO sığortası üzrə daxilolmaların 52%-i ödənişə yönəldilmişdisə, bu il bu göstərici 80% olub. Ayrı-ayrı şirkətlərdə bu göstərici 80%-i də keçir. Avtomobillərin icbari sığortasında da vəziyyət eynidir. Bu sığorta üzrə ödənişlər 42%-dən 50%-ə yüksəlib.

Kreditlərlə bağlı sığortaya ehtiyac olmayıb
Ötən ilin eyni dövrü ilə müqayisədə bu il sığorta şirkətləri kreditlərin sığortalanmasına görə heç bir ödəniş etməyiblər. Halbuki, 2013-cü ilin ilk 3 ayında bu sığorta növü üzrə ödəniş nisbəti təxminən 38% olmuşdu. Başqa sözlə, bu ilin 1-ci rübündə banklardan götürülən kreditlərin qaytarılmamasına ciddi səbəb olmayıb.

Digər əsas sığorta növlərinə gəlincə isə ödəniş nisbəti həyatın ölüm halından sığortasında 5%, həyatın yaşam sığortasında 7%, tibbi sığortada 30%, istehsalatda bədbəxt hadisələrdən sığortada 5%, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasında 48%, daşınmaz əmlakın icbari sığortasında isə 12%-dir. Sərnişinlərin icbari fərdi qəza sığortasına görə isə ödəniş ümumiyyətlə olmayıb.

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et