Müəllif:Ayşən İmanova/Banco.az
Mütəxəssislər dünyanın müxtəlif paytaxtlarında kirayə mənzillərin qiymətini araşdıraraq ən yüksək və ən aşağı qiymətə malik şəhərlərin adını açıqlayıblar.
Banco.az xəbər verir ki, London (Böyük Britaniya) bir otaqlı mənzilin kirayəsinin ən bahalı olduğu dünya paytaxtlarının reytinqinə başçılıq edir. Bu şəhərdə, əgər mənzil mərkəzdə yerləşirsə, bir otaqlı mənzil kirayəsi üçün 2,8 min dollar, kənarda yaşayış üçün isə 2,1 min dollar ödəməli olacaqsınız.
İkinci yerdə ABŞ-nin paytaxtı Vaşinqton gəlir. Burada mərkəzdə mənzil orta hesabla 2,5 min dollara, ondan kənarda isə 2 min dollara başa gəlir.
Növbəti yerdə İrlandiyanın paytaxtı Dublindir: mərkəzdə bir otaqlı mənzil ayda təxminən 2,2 min dollar, daha uzaqda yerləşən mənzil isə 1,9 min dollardır.
İlk 5-liyi Amsterdam (Hollandiya) və Reykyavik (İslandiya) tamamlayır. Burada bir otaqlı mənzilin aylıq kirayəsi orta hesabla müvafiq olaraq 2 min dollar və 1,8 min dollara başa gələcək.
Mənzillərin kirayə qiymətinin yüksəkliyinə görə 10 paytaxtın reytinqinə həmçinin Lüksemburq - 1,84 min dollar, Kanberra (Avstraliya) - 1,79 min, Kopenhagen (Danimarka) - 1,53 min, Ottava (Kanada) - 1,36 min və Oslo (Norveç) - 1,3 min daxildir.
Ən ucuz mənzil Qahirədə (Misir) qeydə alınıb. Burada mərkəzdə bir otaqlı mənzilin kirayəsi 209 dollar, kənarda isə 136 dollardır. İkinci yerdə Yeni Dehli (Hindistan) - 268 dollar (mərkəz) və 151 dollar (kənar), üçüncü yerdə isə Hanoy (Vyetnam) 339 dollar (mərkəz) və 225 dollar (kənar) qərarlaşıb.
Ən ucuz paytaxtlar onluğuna bir aylıq kirayə haqqının orta hesabla 297 dollara başa gəldiyi Braziliya, Sarayevo (Bosniya və Herseqovina) - 310 dollar, Düşənbə (Tacikistan) - 325 dollar, Bakı (Azərbaycan) - 363 dollar, Minsk (Belarus) 374 dollar, Bişkek (Qırğızıstan) - 416 dollar və 426 dollarla Buenos-Ayres (Argentina) daxildir.